AZ

Suriya, Qətər, Yəməndən sonra İsrailin yeni hədəfi BƏLLİ OLDU

"Son günlər İsrailin zərbələr endirdiyi Suriya və Yəməndə radikal qruplaşmalar var". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib, Bəşər Əsəd dövründəki Suriyadakı radikal qruplaşmaların İranla yaxın əlaqələri var idi:

"Faktiki olaraq İran bu qruplaşmalardan proksi qüvvə kimi istifadə edirdi. Əsəd rejimi devriləndən sonra isə Suriyada mərkəzi hakimiyyət qurulmağa çalışılır. Üstəlik, Suriya hakimiyyəti Türkiyə ilə yaxındır. İsrail isə şimal bölgəsində Türkiyə ilə birlikdə güclü bir Suriya olmasını istəmir. Ona görə də artıq Suriyadakı əməliyyatlar sırf mərkəzi dövlətin qurulmaması yönündə atılan destruktiv addımlardır".

381665

Ekspert qeyd edib ki, Yəməndə isə hələ də İran proksisi olan husilər fəaliyyətlərini davam etdirirlər:

"Buna görə də Yəməndə İsrailin əməliyyatları davam etməkdədir. Faktiki olaraq, bu gün husilər ən aktiv şəkildə İsraili vuran qüvvələrdir. Ona görə də İsrailin husilərə qarşı əməliyyatlar keçirməsi çox təbiidir. Yəni bu, bir növ cavab əməliyyatları kimi də başa düşülə bilər". 

Həmsöhbətimiz İsrailin Qətəri vurması barədə də danışıb:

"Əslində, Qətər məsələsində motiv bir qədər fərqlidir. İsrail onsuz da Qəzzada əməliyyatlar aparır. Lakin artıq bu, təkcə antiterror əməliyyatları deyil. Çünki İsrail bu ərazidə normadan çox gücdən istifadə edir və mülki şəxslərin həyatını itirməsi ilə nəticələnəcək insidentlərə yol verir.

Amma təbii ki, HƏMAS-la mübarizənin effektivliyi, onun idarəetmə kadrlarının sıradan çıxarılmasına bağlıdır. Hər kəs bilir ki, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə HƏMAS-ın qərargahları, yəni toplantı keçirdiyi konkret mərkəzlər var. Nəzərə almaq lazımdır ki, İsrail məhz həmin yerləri hədəf alıb. Yəni birbaşa Qətərin öz qərargahları deyil də, HƏMAS-ın olduğu ərazi vurulub".

Turan Rzayevin sözləri görə, İsrailin əməliyyatlarını ümumi xarakterizə edəndə konkret bir xət görünmür:

"Burada həm regionda güc nümayişi, həm antiterror tədbirləri, həm də genişlənmə planlarını görmək mümkündür. Amma prosesin yeni savaşa doğru getdiyini zənn etmirəm. 

Biz tarixdə dəfələrlə ərəb-İsrail müharibələri görmüşük. Bu müharibədə qalib gələn tərəf İsrail olub. Üstəlik, indiki dövrdə ərəb ölkələrinin birləşməsi çətindir. Çünki bir çoxu Qərbdən və ABŞ-dən asılı vəziyyətdə olan ölkələrdir.

İsrailin Qətəri vurması üçün istifadə etdiyi hava məkanları İordaniya və Səudiyyə Ərəbistanı əraziləridir. Qətər isə özü buna cavab olaraq İsrailə zərbə endirmədi. Göründüyü kimi, bütün bunlar hamısı danışılmış məsələlərdir və faktiki olaraq burada bir müharibənin olma ehtimalları azdır".

Mütəxəssis onu da əlavə edib ki, ərəb ölkələri İsrailə qarşı birləşə bilmirlər:

"Hətta birləşmək istəmirlər. Ötən əsrdə müxtəlif ərəb ölkələri nəyəsə nail olmağa çalışılırdılar. Amma indi buna imkanlarının olmadığı görünür. 

Bundan başqa, ərəb ölkələrinin hazırkı hakimiyyətləri monarxik sistemlərdir və hansısa bir addım atmaq niyyətində deyillər. Əksinə, bu məsələləri İsraillə danışırlar. Mövcud vəziyyət hansısa bir yeni, böyük gərginlikdən danışmaq çətindir. Bu gərginlik yalnız və yalnız İranla İsrail arasında ola bilər. Böyük ehtimalla, İsrail bu əməliyyatlardan sonra İrana qarşı da bənzər əməliyyat keçirəcək". 

Pərviz

Seçilən
14
hit.az

1Mənbələr