AZ

Caz düşərgəsi başa çatdı

Yazını böyüt
Yazını kiçilt

Qubada sentyabrın 7-dən 12-dək növbəti “I Am Jazzman” caz düşərgəsi (“Jazz Camp”) keçirilib. Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Baku Jazz Festival”ın təşkilatçılığı ilə keçirilir. Bu, məktəblilər və tələbələr də daxil olmaqla, caz musiqisi həvəskarlarını bir araya toplayan dördüncü düşərgədir. İlk üç düşərgə Qax, Qazax və Lənkəranda böyük uğurla keçirilib.

Hafta.az xəbər verir ki, düşərgənin proqramına caz dərsləri ilə yanaşı, idman məşğələləri, seminar və ustad dərsləri, intellektual və idman oyunları daxil edilib. Caz düşərgəsinin müəllimləri arasında Azərbaycan estradasının ağsaqqalı Qasım Xəlilov, həmçinin Diana Hacıyeva (vokal üzrə ustad dərsləri), Nurlan Hüseynzadə və Əli Nəsib (instrumental ifaçılar üçün dərslər) olublar. İştirakçılar ənənəyə uyğun olaraq, düşərgənin keçirildiyi şəhərin sakinləri üçün təşkil olunmuş konsert proqramı hazırlayıblar. Konsertdə 16 kompozisiya səslənib, habelə proqramda düşərgənin bütün musiqiçiləri iştirak ediblər.

“I Am Jazzman” caz düşərgəsinin direktoru Leyla Əfəndiyeva qeyd edib ki, düşərgənin məqsədi caz musiqisini gənclər arasında populyarlaşdırmaqdır. O, cazın Azərbaycanın regionlarında inkişafının çox vacib olduğunu vurğulayıb.

Direktor əlavə edib: “Belə layihələrin təşkili öz bəhrəsini verir. Son illər biz maraqlı prosesi müşahidə edirik. Azərbaycanın bölgələrindən olan gənclər caz müsabiqəsinin qalibi və onun fəal iştirakçıları olurlar. Məsələn, 2023-cü ildə “I am Jazzman” müsabiqəsində İsmayıllıdan olan pianoçu birinci yeri tutub, 2025-ci ildə bu uğuru Ucardan olan iştirakçı əldə edib. Qazaxda, Lənkəranda, Gəncədə istedadlı musiqiçilər meydana çıxıblar. Caz düşərgələri yerli sakinlərdə intellektual musiqiyə marağın yaranmasına kömək edir. Dünən Qubada keçirilən konsertdən sonra şəhər sakinləri bizə yaxınlaşaraq canlı caz musiqisini dinləmək imkanı əldə etdiklərinə görə təşəkkür etdilər”.

Caz düşərgəsi gənc ifaçıların “I Am Jazzman” müsabiqəsi ilə yanaşı, həm də Azərbaycanda caz musiqisinin inkişafı proqramının tərkib hissəsi olan Bakı Caz Festivalının layihələrindən biridir.

Seçilən
5
1
hafta.az

2Mənbələr