AZ

Azərbaycan avarçəkənləri 3-cü MDB Oyunlarına tam hazırdırlar

7 şəhərdə keçiriləcək mötəbər yarış ölkəmizin idmançıları üçün əsl sınaq olacaq

3-cü MDB Oyunlarının startına sayılı günlər qalıb. Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində təşkil olunacaq bu mötəbər yarışda ölkəmizin avarçəkənləri yüksək nəticə göstərmək əzmindədirlər. Yarış proqramına akademik avarçəkmə, kayak və kanoe növləri daxildir. Milli komanda hazırlığın son və ən məsuliyyətli mərhələsindədir.

Azərbaycanın kayak və kanoe üzrə milli komandasının baş məşqçisi Mirnazim Cavadovun sözlərinə görə, hazırlıq prosesi plana uyğun şəkildə davam edir: 

“Artıq iştirak edəcək heyət müəyyən olunub. Yarış ərəfəsində bir neçə idmançımız beynəlxalq turnirlərdə qüvvəsini sınayacaq. İki avarçəkənimiz Portuqaliyada keçirilən gənclər və yeniyetmələr arasında dünya çempionatında çıxış edib. Bundan əlavə, Belarusda təlim-məşq toplanışı və Rusiyanın Barnaul şəhərində keçiriləcək beynəlxalq yarışda iştirak nəzərdə tutulub. Avqustun sonunda isə bir neçə idmançımız Milan şəhərində təşkil olunmuş böyüklər arasında dünya çempionatında yarışıb.”

“Əsas hədəfimiz daha çox qızıl medal qazanmaqdır. Bilirik ki, rəqabət böyük olacaq, lakin komandamız yüksək səviyyədə mübarizə aparmağa hazırdır.”

Akademik avarçəkmə üzrə milli komandanın baş məşqçisi Vladimir Morozov isə hazırlıq prosesinin uzunmüddətli və planlı şəkildə aparıldığını bildirib:

“Hazırlıqlar 2024-cü ilin sentyabr ayından başlayıb. Komandaya seçdiyimiz 10 perspektivli avarçəkən hazırda Mingəçevir təlim bazasında məşq edir. Orada bütün zəruri şərait yaradılıb və idmançılar artıq bir sıra uğurlu nəticələrə imza atıblar. Məsələn, Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilmiş beynəlxalq reqatada ikinci yerə layiq görülüblər.”

Məşqçinin sözlərinə görə, komandanın ən ümidverici üzvləri Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədlidir:

“Onlar medal uğrunda mübarizə apara biləcək səviyyədədirlər. Rəqiblərimiz arasında avarçəkmə ənənələri olan güclü ölkələr var. Komandamız gənc olsa da, istedadlı və mübarizdir. Güclü rəqabət göstərəcəyimizə inanırıq.”

Hazırlıq prosesində idmançılar intensiv rejimlə – gündə iki dəfə məşq edir, həftədə yalnız bir dəfə istirahət edirlər. Federasiya tərəfindən onlara tam dəstək göstərilir, beynəlxalq yarışlarda iştirak üçün bütün imkanlar yaradılır.

3-cü MDB Oyunları Azərbaycan avarçəkənləri üçün yalnız yarış deyil, həm də özlərini sübut etmək imkanı olacaq. Güclü rəqiblər qarşısında ölkəmizin bayrağını yüksəklərdə dalğalandırmaq üçün idmançılarımız var gücləri ilə çalışırlar.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Seçilən
19
xalqqazeti.az

1Mənbələr