AZ

Qəzza zolağında İsrail hücumları davam edir: Ölənlər arasında uşaqlar da var

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib.

TurkicWorld xəbər verir ki, Hadisə şahidlərinin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu səhər saatlarından etibarən yaşayış məntəqələrini, yardım gözləyənləri və müxtəlif bölgələrdə yerləşən evləri hədəfə alıb.

İsrail, Qəzza şəhərinin şimal-qərbində yerləşən Tuvan bölgəsində Sultan ailəsinə məxsus bir evə hava zərbəsi endirib. Hücum nəticəsində 14 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

Şeyx Rıdvan məhəlləsində dinc sakinlərin toplandığı bir əraziyə edilən hücumda isə 4 fələstinli həyatını itirib.

Bildirilib ki, İsrail ordusu bölgədə partlayıcı maddələrlə təchiz edilmiş robotlardan istifadə edərək evləri və binaları dağıdır, həmçinin artilleriya atəşi və pulemyotlarla ətrafa intensiv hücumlar həyata keçirir. Şucaiyyə məhəlləsinin şərq hissələrinin də artilleriya ilə hədəfə alındığı qeyd olunub.

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yaxınlığında qurulmuş çadır düşərgəsini də hədəf alıb. Hücum nəticəsində çox sayda fələstinli yaralanıb.

Bundan əlavə, Qəzza zolağının cənubundakı Rəfah şəhərində humanitar yardım gözləyən insanlar da hücuma məruz qalıb. Nəticədə bir fələstinli həyatını itirib.

İsrailin Xan Yunis şəhərində yerləşən Nasir Xəstəxanasının həyətində isə Səhiyyə Nazirliyinin əməkdaşı Əmin Əbu Müslim dron hücumu ilə birbaşa hədəf alınaraq öldürülüb.

Seçilən
53
turkic.world

1Mənbələr