AZ

Azərbaycan Rotterdam Konvensiyasına qoşulmağa hazırlaşır

Azərbaycan Respublikası daha bir beynəlxalq hüquqi sənədə – “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında” Rotterdam Konvensiyasına qoşulmağa hazırlaşır.

Doğru.az xəbər verir ki, məsələ sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Rotterdam Konvensiyası təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində şəffaflığın artırılması, risklərin azaldılması, insan sağlamlığının və ətraf mühitin qorunması məqsədini daşıyır. Konvensiya həmçinin üzv dövlətlər arasında etimadı gücləndirir və təhlükəli maddələrin idarə olunması üzrə effektiv nəzarət mexanizmlərinin tətbiqinə imkan yaradır.

Sənədin əsas mexanizmlərindən biri qabaqcadan əsaslandırılmış razılıq prinsipidir. Bu mexanizm idxal edən ölkələrə öz ərazilərinə daxil olacaq maddələr barədə öncədən məlumat əldə etməyə və əsaslandırılmış mövqe ortaya qoymağa şərait yaradır. Eyni zamanda, ixracatçılar təhlükəli maddələrin göndərilməsindən əvvəl qarşı tərəfə bildiriş təqdim etməli, təhlükəsizlik məlumatlarını əlavə etməli və düzgün etiketləmə qaydalarına əməl etməlidirlər.

Rotterdam Konvensiyası həmçinin hüquqi, texniki və toksikoloji məlumatların mübadiləsini, inkişaf etməkdə olan ölkələrə texniki dəstəyin göstərilməsini və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Bu təşəbbüs Azərbaycanın milli qanunvericiliyinin beynəlxalq ekoloji və sanitar-epidemioloji standartlara uyğunlaşdırılmasına, kimyəvi təhlükəsizliyin gücləndirilməsinə və qlobal əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

DOĞRU.AZ

Seçilən
24
4
dogru.az

5Mənbələr