AZ

Almatıda Abayın mənəvi irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Almatıda Türk Akademiyasının Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası ilə birgə təşkil etdiyi “Böyük şair Abayın irsi və Türk dünyasında mənəvi davamlılıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 180 illik yubileyinə həsr olunub.

Konfransda Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, diplomatik missiyaların nümayəndələri, dövlət və ictimai xadimlər, ədəbiyyat və dilçilik sahəsində aparıcı alimlər iştirak ediblər.

Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Axılbek Kurişbayev videomüraciət formatında tədbir iştirakçılarına salamlama nitqi ilə müraciət edib.

Konfrans çərçivəsində Türk Akademiyasının Abayın yubileyi üçün hazırladığı yeni nəşrlərin təqdimatı olub. Bunlardan Muxtar Auezovun “Abay” romanının Azərbaycan dilində latın qrafikası ilə təkrar nəşri maraq doğurub Bu əsər ilk dəfə 1954-cü ildə Bakıda kiril əlifbası ilə nəşr edilib və o vaxtdan bəri təkrar nəşr olunmayıb. Vahid türk əlifbası əsasında nəşr olunmuş Abay Kunanbayulının “Nəsihət sözləri”; eləcə də qazax abayşünası Kayım Muhamedxanovun “Abayın varisləri” əsərinin türk dilinə tərcüməsi də təqdim edilib.

Konfransda çıxış edən Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Abayın irsinin təkcə qazax xalqının deyil, bütün türk sivilizasiyasının sərvəti olduğunu vurğulayıb. O əlavə edib: “Yeni nəşrlər böyük mütəfəkkirə ehtiram əlaməti olmaqla yanaşı, həm də Türk dünyasında mədəni birliyin və davamlılığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır”.

Konfrans fikir mübadiləsi və elmi işlərin hazırlanması, o cümlədən Türk dünyası tədqiqatçıları arasında əməkdaşlığın gücləndirilməsi platformasına çevrilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azertag.az

1Mənbələr