AZ

Parkda gənclər arasında qanlı dava: "Qızlar dostuma baxıb gülüşdülər" – TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda 2007-ci il təvəllüdlü Camal sevgi münasibətində olduğu qıza sataşan Ceyhuna (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il fevralın 7-də rayonun Biləcəri qəsəbəsindəki istirahət parkında baş verib.
 
Camal saat 19 radələrində Ceyhunun onunla sevgi münasibətlərində olan Kəmaləni narahat etməsini bəhanə edib və ondan üzr istəməsini tələb edib. Onların mübahisəsi dava-dalaşa çevrilib. Camal istirahət parkında Ceyhunun üzünə şillə vurub.
 
Sonra üzərində olan mətbəx bıçağı ilə onun kürək və ayaq nahiyələrinə zərbə endirib.
 
İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
 
“Bildirdi ki, sevgilinin arxasınca düşüb”
 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, “Ağ Saray” şadlıq sarayının yaxınlığında internet klubda olanda dostu Fərman ona zəng edib və bildirib ki, “Biləcəri Parkı”nda sevgili münasibətində olduğun Kəmalənin arxasınca bir şəxs düşüb, qıza sataşır:
 
“Fərmandan həmin şəxsin kimliyini soruşdum. Bildirdi ki, iri cüssəli, 20-25 yaşlarında bir oğlandır. Onunla baş edə bilməyəcəyimi düşünüb yaşadığın evə getdim. Mətbəx bıçağı götürüb sağ tərəfdən kəmərində gizlətdim. Sonra parka gəldim.
 
Parka çatanda Fərman bildirdi ki, sevgilimə sataşan oğlanı kənara çəkərək danışıb. O, Fərmanın ətrafında dostlarının olduğunu görüb, özü ilə adam gətirmək məqsədilə evə gedib. Mən bir neçə dəqiqə gözlədikdən sonra həmin oğlan iki nəfərlə gəldi”.
 
“Kürək nahiyyəsindən vurdum”
 
Camalın sözlərinə görə, sonradan adının Ceyhun olduğunu öyrəndiyi şəxslə bir qədər kənarda təklikdə danışmağa başlayıb:
 
“Söhbət əsnasında Ceyhuna sevgili münasibətində olduğum qızın arxasınca düşməsini irad tutdum. O, kobud danışdı, məni itələdi. Mən Ceyhunun üzünə bir şillə vurdum. O, fənd işlədərək məni yerə yıxdı. Altda qaldığım üçün gücüm çatmadığını gördüm və evdən götürdüyüm bıçağını çıxardaraq kürək nahiyəsindən vurdum. Ceyhun qışqıraraq məndən bir qədər uzaqlaşdı.
 
Səs-küyə kənarda olanlar yığışanda Ceyhun yenidən üzərimə hücum etdi. Mən də əlimdə olan bıçaqla onun sol ayaq nahiyəsindən vurdum”.
 
“Dedilər ki, məni polislər axtarır”
 
Camal qeyd edib ki, tanımadığı iki nəfər şəxs onları aralayıb: “Mən qaçaraq oradan uzaqlaşdım. Əlimdəki bıçağı xatırlamadığım bir yerdə yolun kənarında olan məişət tullantıları qutusuna atdım və yevə qaçdım.
 
Mağazaya gedəndə bizi parkda aralaşdıran adamları gördüm və onlardan bıçaqladığım oğlanın halını soruşdum. Bildirdilər ki, onun ayağı qanadığı üçün bint alaraq yaranı bağlayıb, yaşadığı evə aparıblar. Həmçinin dedilər ki, polislər məni axtarır.
 
Bundan sonra özüm Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə yaxınlaşdım, valideynimin iştirakı ilə hadisə barədə izahat verdim.
 
Zərərçəkmişi əvvəllər tanımamışam. Söhbət əsnasında o, Gəncə şəhərindən olduğunu və Bakı şəhərinə yeni gəldiyini bildirdi”.
 
“İki qız dostuma baxıb güldülər”
 
İş üzrə zərərçəkmiş Ceyhunun sözlərinə görə, Biləcəri qəsəbəsində dostu ilə görüşmək üçün vədələşib: “Dostumla birlikdə bir qədər gəzdikdən sonra Biləcəri qəsəbəsində “O tay Biləcəri” adlanan əraziyə getmək üçün yerüstü dəmiryol keçidindən keçəndə iki qız dostuma baxaraq gülüşdülər. Dostum onlardan niyə güldüklərini soruşdu. Qızlar heç nə deməyərək getdilər.
 
Biz bir qədər gəzdikdən sonra dostum getdi. Mən Biləcəridəki istirahət parkına gəldim. Həmin qızları da orada gördüm. Yaxınlıqdan keçəndə onlardan biri məni çağırdı və bildirdi ki, telefonda bir oğlan mənimlə danışmaq istəyir.
 
Qıza kim danışmaq istəyirsə, buraya gəlməli olduğunu bildirdim. Telefonda danışıqdan imtina etdim”.
 
“Qıza sataşmadığımı dedim”
 
Ceyhunun ifadəsinə görə, bir qədər sonra bir neçə nəfər həmin yerə gəliblər: “Məni yanlarına çağırdılar, bir oğlan bir az öncə qıza niyə sataşdığımı soruşdu, onun dostunun sevgilisi olduğunu bildirdi. Mən qıza sataşmadığımı dedim. Aramızda sözlə mübahisə yarandı. Lakin məni evdən çağırdıqları üçün getməli oldum”.
 
Ceyhun qeyd edib ki, saat 19 radələrində parka qayıtdıqda bayaqkı oğlanların orada olduqlarını görüb və yaxınlaşaraq danışmağa başlayıblar:
 
“Bir neçə dəqiqə sonra adının sonradan Camal olduğunu öyrəndiyim oğlan təklikdə danışmaq istədiyini bildirdi və məni bir qədər kənara çəkdi. Camala heç bir qıza sataşmadığımı dedim. O mənə qızdan üzr istəməyimi istədi. Etmədiyim bir şey üçün üzr istəməyəcəyimi söylədim.
 
Aramızda münaqişə yarandı, Camal gözləmədiyim anda üzümə şillə vurdu. Onu qucaqladım və fənd işlədərək yerə yıxdım. İkimiz də yerə yıxıldıq. Tanımadığım adamlar gələrək bizi ayırdılar. Mən ayağa qalxıb oradan bir qədər uzaqlaşdıqdan sonra şalvarımın cırıldığını düşündüm və ayağıma baxanda qan gəldiyini gördüm. Başa düşdüm ki, Camal bıçaqla ayaq nahiyəmdən vurub”.
 
“Kürək nahiyəmdən bıçaqla vurub”
 
Zərərçəkmiş bildirib ki, parkın çıxışına tərəf gedərkən tərlədiyini düşünüb və əlini kürək nahiyəsinə atanda əlinə qan dəyib: “Anladım ki, Camal tək ayağımdan yox, həm də kürək nahiyəmdən bıçaqla vurub. Yaşadığım evə getdim, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə yollanıb ərizə və izahat verdim”.
 
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.
 
Məhkəmənin hökmü ilə Camalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 2 il şərti cəza verilib.
Seçilən
10
3
moderator.az

4Mənbələr