AZ

Qadınların peşə ixtisaslarına marağı sürətlə artır

ain.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycanda peşə təhsili son illərdə dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində bu sahənin əhatə dairəsi genişlənir, yeni ixtisaslar yaradılır və tədris prosesi əmək bazarının real tələblərinə uyğunlaşdırılır.

Dual təhsil modelinin tətbiqi, beynəlxalq sertifikat imkanları və plan yerlərinin ildən-ilə artırılması gənclərin peşə təhsilinə marağını daha da gücləndirir. Nəticədə, həm tələbələrin praktiki bacarıqları inkişaf edir, həm də iqtisadiyyatın ixtisaslı kadr ehtiyacı daha səmərəli şəkildə qarşılanır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, əmək bazarının tələblərinə uyğun peşə təhsilinin təşkili üçün işəgötürənlərlə əməkdaşlıq dərinləşdirilir, sahibkarların bu sistemə inteqrasiyası sürətləndirilir.

Paralel olaraq, peşə təhsili müəssisələrində maliyyələşmə və idarəetmə mexanizmləri təkmilləşdirilir, təhsilverənlərin və idarə heyətinin peşəkarlıq səviyyəsi yüksəldilir.

“Peşə təhsilinə marağın artmasının əsas səbəblərindən biri dövlətin bu sahəyə xüsusi diqqət göstərməsidir. Məsələn, 2025-ci ilin dövlət büdcəsindən xüsusi peşə təhsili istiqamətində 82,2 milyon manat vəsaitin ayrılması planlaşdırılıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə peşə təhsili müəssisələrinin saxlanmasına 77,13 milyon manat vəsait ayrılıb.

Strategiyada nəzərdə tutulmuş məqsədlərə əsasən, peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılmalıdır. Bu hədəfə yaxınlaşma artıq müşahidə olunur. 2024–2025-ci tədris ilində 136 ixtisas üzrə qəbul aparılıb və nəticədə 85 faizi dövlət sifarişi, 15 faizi isə ödənişli əsaslarla olmaqla ümumilikdə 24,8 min nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. 2020-ci illə müqayisədə qəbul göstəriciləri 60 faiz artım nümayiş etdirib”.

2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 17 566 tələbə məzun olur. Məzun olan tələbələrdən 1601 nəfər ilk peşə təhsili səviyyəsi, 15571 nəfər texniki peşə təhsili səviyyəsi, 394 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.

Maraqlı məqamlardan biri də qəbul olunanlar arasında qadınların sayında müşahidə edilən artımdır:

“Əgər 2021-ci ildə qəbul olunanların 29,6 faizi qadın idisə, 2024-cü ildə bu göstərici 36 faizə yüksəlib. Peşə təhsilinə marağı artıran mühüm amillərdən biri də yüksək texniki peşə təhsili alan tələbələr üçün ali məktəblərə imtahansız qəbul imkanının yaradılmasıdır. Hazırda bu proqram çərçivəsində 6 min nəfər təhsil alır. Gələn ilin sonuna qədər bu sayın 9 200 nəfərə çatdırılması planlaşdırılır”.

Son illərdə peşə təhsili sahəsində dual təhsil modelinin əhatə dairəsi genişlənir.

Agentlikdən bildirilib ki, dual təhsil modeli ənənəvi təhsil formalarından fərqli olaraq tələbələrin yalnız nəzəri biliklər deyil, eyni zamanda real iş şəraitində praktiki bacarıqlar qazanmasını nəzərdə tutur:

“Bu modeldə tədris prosesi əmək bazarının tələblərinə uyğunlaşdırılır, ixtisas üzrə aparıcı işəgötürənlərlə sıx əməkdaşlıq qurulur. 2025/2026-cı tədris ili üçün dual peşə təhsilinə 2180 tələbənin cəlb olunması planlaşdırılıb. Ötən tədris ilində bu göstərici 1273 nəfər olub. Dual təhsil modelinin əsas üstünlüyü ondadır ki, işəgötürənlərin tələblərinə uyğun olaraq tədris planı, təcrübə şəraiti və təlimin forması çevik şəkildə uyğunlaşdırıla bilir. Bu yanaşma məzunların işə hazırlıq səviyyəsini artırmaqla yanaşı, müəssisələrin də ixtisaslı kadrlara olan tələbatını ödəyir. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sustainera Solutions tərəfindən həyata keçirilən dual təhsil proqramının 2024/2025-ci tədris ili üzrə aralıq monitorinqi davam etdirilir. Proqramın icra vəziyyətini qiymətləndirmək, iştirakçıların rəylərini toplamaq və gələcək üçün təkmilləşdirmə tədbirlərini müəyyənləşdirmək məqsədilə onlayn sorğular, görüşlər və işəgötürənlərlə müzakirələr təşkil olunur.Monitorinqlər Zaqatala, Qax, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lənkəran və Bakı da daxil olmaqla müxtəlif mərkəzlərdə aparılır. Hazırda 25 peşə təhsil mərkəzində 30 ixtisas üzrə 70 qrupda 1273 tələbə və 120-dən çox işəgötürən müəssisə proqramda iştirak edir. Dual təhsil modeli tələbələrin nəzəri biliklərlə yanaşı, real iş mühitində praktiki bacarıqlar əldə etməsinə imkan yaradır.”.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçəcək vətəndaşların peşə bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır.

Bu məqsədlə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan qısamüddətli təlimlərə son iki ildə 124 nəfər məcburi köçkün cəlb olunaraq müxtəlif ixtisaslar üzrə yeni bilik və bacarıqlar əldə edib:

“Təlimlər həm onların gələcək məşğulluq imkanlarını genişləndirir, həm də azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın bərqərar olunmasına töhfə verir.Qısamüddətli təlimlərin müddəti seçilmiş ixtisasdan asılı olaraq 1 aydan 3 ayadək davam edir. Təlimlərin əsas məqsədi proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların əmək bazarında rəqabət qabiliyyətini artırmaq, onların peşə vərdişlərini inkişaf etdirmək və davamlı məşğulluğunu təmin etməkdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli peşə təlimləri ölkənin 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə həyata keçirilir. Proqram üzrə 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə artıq 653 nəfər müxtəlif sahələr üzrə təlimlərə cəlb olunub. Təlimlərdə iştirak etmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçə bilirlər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
metbuat.az

2Mənbələr