AZ

Mariya Zaxarova Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirməyin zəruriliyini bəyan edib

Moskva, 12 sentyabr, AZƏRTAC

Rusiya Ermənistan-Azərbaycan münasibətlərində əldə olunan tərəqqini alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O deyib: “Bununla belə, Bakı və İrəvanın qarşısında qalan fikir ayrılıqlarını aradan qaldırmaq, xüsusən də ədalətli əsaslarla sülh sazişi imzalamaq, sərhədin delimitasiyası və demarkasiyasını başa çatdırmaq, nəqliyyat kommunikasiyalarını açmaq, bütün bunları hər iki ölkənin, həmçinin regionun ən böyük siyasi və iqtisadi qonşuları olan Rusiya, İran, Türkiyə kimi dövlətlərin maraqlarına uyğun şəkildə etməklə bağlı görüləcək çox iş var.

M.Zaxarova vurğulayıb ki, “3+3” regional əməkdaşlıq platforması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin və Cənubi Qafqazın digər aktual mövzularının müzakirəsi üçün yaxşı vasitədir. Bu platformaya Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə daxildir.

Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, Moskva azərbaycanlı və erməni həmkarlarından bu platformanın üzvü olan ölkələrin xarici siyasət idarələrinin növbəti iclasının yeri və tarixlərinin tezliklə razılaşdırılması üzrə fəal addımlar gözləyir. O, uğur əldə etmək üçün Rusiyanın tərəfdaşlarına lazımi köməklik göstərməyə hazır olduğunu təsdiqləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
11
2
azertag.az

3Mənbələr