Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Qayıbov Vəkil Möylan oğlunun qalıqları bu gün Qəbələ rayonuna gətirilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, şəhidin nəşinin qalıqları Qəmərvan kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Qəmərvan kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Hərbi orkestrin ifasında Dövlət Himni səslənib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Qayıbov Vəkil Möylan oğlu 1973-cü ildə Qəmərvan kəndində anadan olub. 1992-ci ildə Ağdərə rayonu, Sırxavənd kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.







