Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Hayrettin İvginlə görüş keçirilib.
AMEA-dan XQ-ə verilən məlumata görə, qonaqları salamlayan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyə-Azərbaycan qardaşlıq və dostluq əlaqələrindən söhbət açaraq bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, hər iki ölkənin böyük mütəfəkkirlərini cəmiyyətlərimiz tanımalıdır: Azərbaycanda Dədə Qorqud, Yunus İmrəni demək olar ki, əksəriyyət tanıyır. Amma XVI- XVII əsrdən sonra yaşayan, yaradan şair və mütəfəkkirlər barəsində məlumat azdır. O cümlədən, Türkiyədə də bizim klassik və müasir yazıçılar barəsində məlumat azlıq təşkil edir. Bunu aradan qaldıran ortaq dərsliklər hazırlanmalıdır. Bundan əlavə, Türkiyədə Azərbaycanı tanıyaraq təmsil edən araşdırmaçılar azlıq təşkil edir. Bunlardan Yavuz Akpinarı misal göstərmək olar. Məhz bu cür Azərbaycanı tanıyan, dərindən bilən araşdırmaçıların sayı çoxalmalıdır.
Sonra türkiyəli akademik Hayrettin İvgin görüşdən məmnunluğunu ifadə edərək onun əhəmiyyətini və gələcəkdə də davam etdirilməsini xüsusi vurğulayaraq AMEA prezidentinə Türkiyədə çap olunan kitablar və jurnalları hədiyyə etdi. Jurnallarda Azərbaycan ədəbiyyatı və alimlərinin fəaliyyəti barəsində məqalələr yer almışdır.
Hayrettin İvgin türkiyəli ədəbiyyatşünasların da ortaq təklifi ilə AMEA Ədəbiyyat İnstitutu ilə Türkiyə və Azərbaycan poeziya dühalarının şərəfinə ortaq layihə proqramlarını həyata keçirməyi təklif edərək bunu hər iki qardaş xalqın bir-birinin ədəbi məktəblərini daha dərindən tanımaları üçün vacib olduğunu qeyd edib.
Görüşdə Samsun Vəzirkörpü bələdiyyəsinin sabiq başqanı İbrahim Sadiq Edisi AMEA-nın Prezidentinə rəmzi hədiyyəni təqdim edib.
Görüşdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Mehman Həsənli iştirak ediblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.