AZ

Süni intellekt Z nəslinin işçilərinə kömək edir — əlbəttə, iş tapa biliblərsə

Süni intellekt bəzi gənclərin iş proseslərini dəyişir: onlara daha çox məsuliyyət götürməyə imkan verir və eyni zamanda başlanğıc səviyyəli vəzifələrin sayını azaldır. Elektron tibbi kartlarla məşğul olan bir şirkətdə ilk daimi işinə başlayan Riçard Bedats gündəlik olaraq Süni İntellekt (Sİ)-dən ideya müzakirəsi və məqalələrin xülasəsi üçün istifadə edir. 26 yaşlı məhsul analitiki yaxınlarda çat-bota bir verilənlər toplusunu təhlil etdirib ki, şirkətin davranış sağlamlığı sahəsində hansı mütəxəssislərə xidmət göstərməli olduğunu müəyyənləşdirsin. Google Gemini vasitəsilə cavabları cəmi bir neçə dəqiqəyə alıb; halbuki bunu əl ilə etsəydi təxminən 45 dəqiqə vaxt sərf edəcəkdi. Onun sözlərinə görə, nəticədə təhlilə daha az vaxt getdi və daha yüksək keyfiyyətli hesabat hazırladı. “Bu əlavə 40 dəqiqə mənə tapdıqlarımı daha dərindən araşdırmağa və qənaətlərimi növbəti tapşırığa keçməzdən əvvəl daha diqqətlə düşünməyə imkan verir”, — deyə o bildirir.

Generativ Süni intellekt bəzi gənc mütəxəssislərə daha mürəkkəb tapşırıqları üzərinə götürməyə və qısa məzmunların hazırlanması, eləcə də kodun optimallaşdırılması kimi “qaralama işləri”ni avtomatlaşdırmağa şərait yaradır. Bu, ənənəvi iş qüvvəsi modelini dəyişir və 13–28 yaş aralığındakı yeni nəslin karyera nərdivanında daha sürətlə irəliləməsi ehtimalını artırır. Lakin tədqiqatçılar və məşğulluq üzrə ekspertlərin sözlərinə görə, Süni intellektin daha geniş tətbiqi onun çox istifadə olunduğu sahələrdə giriş səviyyəli vakansiyaların azalmasına gətirib çıxarır və gənc işçilərdə bacarıq itkisi ilə bağlı narahatlıqları gücləndirir. Stanford Universitetinin Rəqəmsal İqtisadiyyat Laboratoriyasının direktoru, Sİ-nin məşğulluğa təsiri ilə bağlı son hesabatın həmmüəllifi Erik Brinolfsson qeyd edir: “Gənclərə Sİ-nin nə dərəcə güclü təsir etdiyini görüb təəccübləndim. Şübhə yoxdur ki, iqtisadiyyat keçid dövrünü yaşayır”. Stanfordun araşdırmasına əsasən, 2022-ci ilin sonunda ChatGPT istifadəyə verildikdən bəri proqram təminatı inkişafı və müştəri xidməti kimi Sİ-yə ən çox məruz qalan peşələrdə 22–25 yaşlıların məşğulluğu, daha az təsirlənən peşələrlə müqayisədə, 13% azalıb. Eyni dövrdə isə daha yaşlı işçilər və Sİ-yə az məruz qalan sahələrdə çalışanlar — məsələn, istehsalat işçilərinə nəzarət edən menecerlər — arasında məşğulluq artıb. Sİ ilə tamamlanan peşələrdə (məsələn, tibb bacılarında) gənclərin məşğulluğu artsa da, tədqiqatçılara görə, bu, texnologiya ilə əlaqədar ümumi iş yeri itkilərini kompensasiya etməyib.

Bununla belə, işdə süni intellektdən istifadə artsa da, hələ ki, ümumi xarakter daşımır. ABŞ Əhalinin Siyahıyaalma Bürosunun məlumatına görə, malların və xidmətlərin istehsalında Sİ-dən istifadə etdiyini bildirən şirkətlərin payı avqustun ilk iki həftəsində 9,7%-ə yüksəlib; bir il əvvəl bu göstərici 5,5% idi. Gallup-un martda keçirdiyi sorğuya əsasən, gənc işçilərin təxminən 10-dan 6-sı ən azı ayda bir dəfə Sİ-dən istifadə edir.

İşlə bağlı gözləntilərin dağılması

Keçmişdə bir çox gənc işçi poçt şöbəsində rutini yerinə yetirərək “sənətin sirlərini” öyrənir və uğurlu olduqda yüksəlirdi. Kiçik investisiya bankirləri təqdimat kataloqları (pitchbook) hazırlayır, kompüter mütəxəssisləri kod sazlayır, tibb işçiləri isə pasient qəbullarını planlaşdırırdı. İndi isə işçilərin dediyinə görə, süni intellekt bu tip tapşırıqları sürətləndirir. Bulud məzmununun idarə edilməsi platforması Box-ın baş direktoru və həmtəsisçisi Aaron Levi müsahibəsində bildirib ki, Sİ-nin səmərəliliyi ən aşağı pillələrdə iş qüvvəsi modelini sınağa çəkir.

22 yaşlı Harşvi Şah səhiyyə məsləhətçisi kimi çalışır; təxminən bir il əvvəl tibb informatika üzrə magistr dərəcəsi alıb. Şah tibbi ədəbiyyatı və müştəriləri üçün aktual olan müxtəlif xəstəliklərin təsiri barədə təqdimatları təhlil etmək üçün günaşırı Sİ-dən yararlanır. Bu, ona müştərilərlə daha fəal ünsiyyətə vaxt ayırmağa imkan verir və zamanla daha müxtəlif tapşırıqlar alacağına ümid edir. “Bir çox tapşırıq avtomatlaşdırılandan sonra düşünürəm ki, xeyli sərbəst vaxtımız olacaq. Bu halda, mənə, şübhəsiz, daha çox layihə və müştəri həvalə ediləcək”, — deyə o bildirir. Şahın çalışdığı şirkət Sİ-dən ən yaxşı istifadə edən əməkdaşları ümumi korporativ yığıncaqlarda qeyd edir; nəticələr hər iki həftədən bir keçirilən sorğu ilə müəyyənləşdirilir. İşçilər süni intellektdən necə istifadə etdiklərini və bu texnologiyanın onlara nə qədər vaxt qənaət etdiyini sənədləşdirirlər.

25 yaşlı Cessika Moran KPMG-də audit üzrə Senior Research Associate (baş tədqiqatçı) kimi çalışır və deyir ki, Sİ-dən gündə 6–10 dəfə istifadə edir, onu “daima açıq saxlayır”. Süni intellekt ona auditin “başdan-sona” hər mərhələsində kömək edir. Əvvəllər audit prosesinin ardıcıllığını göstərən blok-sxemi hazırlamaq 6–8 saat çəkirdisə, Moran-ın sözlərinə görə, Süni intellektlə  bu, cəmi bir dəqiqə tələb edir. KPMG bildirir ki, vaxtın qənaəti ona risklərin qiymətləndirilməsi və layihə idarəçiliyi kimi daha mürəkkəb işlərə fokuslanmağa imkan verib. Vaşinqtondakı Brukinqs İnstitutunun qənaətinə görə, Süni intellektin yaratdığı vaxt ehtiyatı xüsusilə az təcrübəli işçilər üçün məhsuldarlığı artıracaq; tarixən texnoloji tərəqqi məhsuldarlıq artımının əsas drayverlərindən olub.

Bəzi korporativ rəhbərlər də Süni intellektin gənc işçilərə daha mürəkkəb tapşırıqları daha tez həll etməkdə kömək edəcəyinə ümidlidir. JPMorgan-ın Aktivlərin və sərvətin idarə edilməsi bölməsinin baş direktoru Meri Kallahan Erdoes vurğulayıb ki, Süni intellekt onlara, məsələn, adətən yalnız yüksək ranqlı mütəxəssislərə etibar edilən təqdimatlar aparmaq kimi daha çox imkanlar verəcək. “10–20 il əvvəl analitiklərə nə qədər çox iş verilirdisə, bir o qədər tez işi öyrənirdilər. İndi isə bu göstərici eksponensial arta bilər — çünki Süni intellekt ilə çox şeyi daha tez görmək olur”, — deyə o qeyd edib.

Z nəslinin bütün nümayəndələri işdə süni intellektdən fayda götürmür: bəziləri ondan istifadə etmir, bəzilərinə isə iş yerlərində ümumiyyətlə icazə verilmir. Tədqiqatlara əsasən, Süni intellektdən istifadənin əmək məhsuldarlığına təsiri sahədən-sahəyə fərqli olacaq. Sent-Luis Federal Ehtiyat Bankının fevral hesabatına görə, informatika və riyaziyyatla məşğul olanlar Süni intellekt sayəsində ən çox vaxt qənaət edir; əvəzində, təhsil, hüquq və sosial xidmətlərdə çalışanlar ən çox geridə qalırlar.

Öyrənmə prosesinə təhdid

İş yerində süni intellekti araşdıran bəzi ekspertlər gənc işçilərin ondan həddən artıq asılı qalaraq zəruri təcrübəni qazanmayacaqlarından ehtiyatlanırlar. Pennsilvaniya Universitetinin professoru və generativ Süni intellekt laboratoriyalarının həmsədri İtan Mollikin fikrincə, gənclər problem həllində təcrübəli həmkarların yanaşmasını müşahidə etmək imkanını əldən verib bunun əvəzinə çat-bota üz tuta bilərlər. Onun sözlərinə görə, bu, sonda iş yerində öyrənmə praktikasını sarsıda bilər.

Bəzi alimlər avtomatlaşdırmanın bacarıq itkisinə səbəb ola biləcəyini bildirirlər. Məsələn, bir neçə il əvvəl Federal Aviasiya Administrasiyası pilotlara təyyarəni daha tez-tez əl ilə idarə etməyi tövsiyə etməyə başladı — avtomatlaşdırma sistemlərinə həddən artıq arxayınlığın bacarıqları zəiflədə biləcəyindən ehtiyat edərək. Gənclər karyeralarının erkən mərhələsində bacarıqları itirməyə başlasalar, bu, ciddi problemə çevrilə bilər. Purdue Universitetinin dosenti Bruk Maknamaranın sözləri ilə: “Əgər hələ də fəaliyyət göstərirsinizsə… amma artıq idraki bacarıqlarınızı cilalamırsınızsa, onların zəiflədiyini fərq etməyə bilərsiniz”.

MIT Media Lab-ın elmi əməkdaşı Nataliya Kosmina hesab edir ki, gənclər heç vaxt öyrənmədikləri tapşırıqları həll etmək üçün Süni intellekt  istifadə edirlərsə, texnologiya mahiyyəti etibarilə heç nəyi dəyişmir. Onun və həmkarlarının Süni intellekt ilə esse yazmağa həsr olunmuş araşdırması göstərib ki, Süni intellektdən istifadə zamanı beyin fəallığı azalır. “Beyin inkişaf etmək üçün həqiqətən mübarizə aparmalıdır”, — deyə o vurğulayır.

Harvard Biznes Məktəbinin professoru Karim Laxani isə bildirir ki, sadə bir sorğu ilə ekspert biliklərinə çıxış əldə etmək mümkün olduqda, işəgötürənlər gənc işçiləri qiymətləndirmə metodlarını dəyişməli olacaqlar: “Məcbur olacağıq buna daha elmi yanaşaq — mühakimə necə formalaşır və biz onu necə yoxlaya bilərik?”

MIT-in Rəqəmsal İqtisadiyyat Təşəbbüsünün elmi əməkdaşı və startaplara məsləhətçi kimi çalışan Frenk Nəgl də əlavə edir ki, şirkətlər bu dərsi hələ öyrənməlidirlər: “Bu, vacib bir dərs olacaq: nəyi Süni intellektə həvalə edə bilərik, nələri isə mütləq insanlar özləri görməlidir?”

Səhiyyə məsləhətçisi Şah da etiraf edir ki, süni intellektdən uzunmüddətli istifadə bəzi bacarıqları zəiflədə bilər. Lakin o, texnologiyanı mənimsəməklə başqa üstünlüklər qazandığını vurğulayır: “Məsləhətçilik — bu, müştəri ilə işləməkdir. İnsani faktoru heç nə əvəz edə bilməz.”

Seçilən
57
banker.az

1Mənbələr