AZ

Bakı metrosunda HAVASIZLIQ PROBLEMİ -Sistem niyə işləmir?

Bakı metrosu hər gün yüz minlərlə sərnişini daşıyır. Amma sərnişinlərin ən çox narazılıq etdiyi məsələlərdən biri illərdir həllini tapmayan havalandırma problemidir. Yayın ən isti günlərində vaqonlarda nəfəs almaq çətinləşib, sərnişinlər demək olar ki, havasızlıqdan əziyyət çəkirlər.

Sərnişinlər Musavat.com-a bildirirlər ki, iyun-avqust ayları ərzində metroda vəziyyət dözülməz olub:

"Vaqona minən kimi havasızlıq boğur. Nəfəsimizi kəsirdilər. Adamların çoxu əsəbi olurdu. İndi də sentyabr gəlib, məktəblər açılıb, tələbələr gəlib, vəziyyət daha da ağırlaşacaq", - deyə bir sərnişin gileylənir.

Metroda son illər yeni qatarların alındığı, yeni stansiyaların istifadəyə verildiyi hamıya məlumdur. Amma sərnişinlərin sözlərinə görə, texniki yeniliklər havalandırma problemindən yan keçib:

"Qatarlar yenidir, amma hava yoxdur. Qapı bağlanandan sonra sanki içəriyə qapanırıq. İnsanların ürəyi sıxılır  özündən gedənlər olur".

Sentyabrda tədris ilinin başlaması ilə metroda sərnişin sıxlığı daha da artacaq. Tələbələrin metroya axını vaqonlarda vəziyyəti dözülməz hala gətirəcək.

Sərnişinlər deyirlər ki, əvvəlki illərdə olduğu kimi bu payızda da metroda nəfəs darlığı, sıxlıq və hətta özündən gedən insanlarla qarşılaşmaq mümkündür.

Metropolitenin modernləşdirilməsi istiqamətində görülən işlərə baxmayaraq, havalandırma məsələsi hələ də açıq qalır. Sərnişinlər isə illərdir eyni sualı ünvanlayırlar: "Yeni qatar da alsalar, yeni stansiya da açsalar, nəfəs ala bilmədikdən sonra bunların nə mənası var?"

Bakı Metropoliten"i sədrinin müşaviri Emil Əhmədov bildirir ki, metroda soyutma ilə bağlı problem tək qatarlarla əlaqəli deyil:

"Bakı Metropoliten"inin mövcud stansiyaları, "Bənövşəyi" xətt istisna olmaqla, "Yaşıl" və "Qırmızı" xətlər üzərində olan bütün stansiyalar köhnə stansiyalar olduğuna görə soyutma sistemi yoxdur.

Hətta "Yaşıl" xətdə işləyən qatarlarımız platformaya yaxınlaşdıqda 30 saniyə ərzində gözləmə rejimində qapılar açıq qalır, bu zaman platformada olan isti hava kütləsi qatarlara daxil olmaqla onun iş funksiyasını korlamış olur.

Həm yeni tikilən stansiyalarda, həm də növbəti illər ərzində mövcud stansiyalarda soyutma sisteminin bərpası işləri aparılacaq.

Yaxın gələcəkdə bunların təmiri və inşasına başlanılacaq. Yalnız bu halda sərnişinlərimiz tam soyudulmuş qatarlarda effekti hiss edəcəklər".

Məsələ ilə bağlı  "Bakı Metropoliteni" QSC-dən də münasibət bildirilib. Qeyd edilib ki, Bakı metropolitenində bütün güclü ventilyatorlar işlək vəziyyətdədir: "Ventilyatorlar qrafik üzrə hər fəslin tələbinə uyğun çalışdırılır. Müntəzəm olaraq monitorinqlər aparılır və Bakı metropoliteninin mövcud texniki imkanları daxilində bu və digər tənzimləmə mexanizmləri həyata keçirilir.

Qeyd edilənlərə rəğmən dövrün tələbinə uyğun ventilyasiya sisteminin müasir dövrün tələblərinə uyğun yenilənməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub. Layihələrin icrası ilə bağlı işlərin əhəmiyyətli dövründə ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
2
olaylar.az

3Mənbələr