AZ

Rusiya Zəngəzur dəhlizinə hücum planı qurur: “Tramp körpüsü”ndə yeni Qafqaz savaşı başlamaq üzrədir

Rusiya indi rəsmi İrəvandan izahat tələb etməklə, həm Ermənistana, həm də ABŞ və Qərbə açıq təhdid mesajı göndərir… Kreml Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin Rusiyanın iştirakı olmadan açılmayacağını diqtə etməyə çalışır…

Ukraynada içindən çıxılmaz “savaş bataqlığı”na salınmış Rusiyanın qlobal mövqeləri artıq ciddi şəkildə sarsılaraq, zəifləyib. Ona görə də, Kreml hazırda Rusiyanın bəzi regionlarda geopolitik maraqlarını qorumaqda açıq-aşkar çətinlik çəkir. Xüsusilə də, postsovet məkanında Rusiya artıq hegemon hərbi-siyasi güc mərkəzi statusunu itirmək üzrədir. Və bu, Rusiyanın Cənubi Qafqazda geostrateji əhəmiyyət daşıyan geoiqtisadi layihələrdən kənarda qalması ilə bağlı ehtimalları da gücləndirir.

Onu da qeyd etmək lazımdır ki, Kremldə indi Rusiyanın Zəngəzur dəhlizində iştirakdan kənarda qalması olduqca ciddi təşviş doğurub. Çünki Rusiya siyasi dairələri artıq anlayırlar ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni geopolitik düzənin formalaşmasında əsas təyinedici mexanizm rolunu oynayır. Rusiya bu layihədən kənarda qalarsa, Cənubi Qafqaz Kreml üçün həmişəlik itirilmiş regiona çevrilə bilər. Və bu səbəbdən də, Kreml isterik vəziyyətdə həm Azərbaycana, həm də Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiq göstərməyə çalışır.

Maraqlıdır ki, Kremlin rəsmi Bakıya təzyiq cəhdləri hələlik tamamilə iflasa uğramaqda davam edir. Çünki Azərbaycan artıq Rusiyadan asılı vəziyyətdə deyil. Hətta indi Azərbaycan Rusiya üçün əlçatmaz dövlətdir. Üstəlik, rəsmi Bakı mövcud imkanlarını tam dəqiqliyi ilə dəyərləndirməklə, Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmlərini iflasa uğramağı bacarır. Və Azərbaycana təsir göstərmək imkanları olmayan Rusiya indi bütün təzyiq gücünü Ermənistana yönəltmək məcburiyyətində qalıb.

0fb43174b85d09d7759ddd70b8d38996.jpg

Məsələ ondadır ki, Kreml Zəngəzur dəhlizi ilə bağlı rəsmi İrəvandan israrla izahat tələb etməyə başlayıb. Kremli narahat edən əsas məsələ odur ki, Zəngəzur dəhlizinin iştirakçıları sırasında Rusiya ABŞ ilə əvəzlənib. Yəni, Rusiya bu qlobal əhəmiyyətli regional layihədən kənarlaşdırılıb. Və bu addımın atılmasında isə məhz Rusiyanın hərbi müttəfiqi Ermənistan xüsusi rol oynayıb, ABŞ-ın Zəngəzur dəhlizi layihəsinə daxil olmasına nail olub.

Ona görə də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu barədə açıqlaması Cənubi Qafqazda yeni geopolitik gərginliyin anonsu kimi də dəyərləndirilə bilər. Çünki o, bildirib ki, Rusiya Ermənistanla nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində dialoqu davam etdirməkdə maraqlıdır. Eyni zamanda, Mariya Zaxarova açıq şəkildə vurğulayıb ki, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı yalnız konkret detallar təqdim olunduqdan sonra məsələni anlamaq mümkün olacaq. Və bu, əslində, Rusiyanın İrəvandan ciddi izahat gözlədiyi deməkdir.

Maraqlıdır ki, Ermənistan ictimaiyyətində və Qərb siyasi dairələrində son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı “Tramp marşrutu” ifadəsi xüsusi olaraq, müzakirə edilir. Bu geoiqtisadi layihədə ABŞ-ın birbaşa iştirakı Tramp adminstrasiyasının Cənubi Qafqaz ilə bağlı daha uzaqgedən strateji planlar qurması kimi izah olunur. Qərbə inteqrasiya kursu yürüdən rəsmi İrəvanın Rusiyanin nəzarətindən kənar alternativ iqtisadi-ticari marşrutlar axtarışı Ağ Evin strateji hədəflərinə paralellik təşkil edir. Və bu isə Rusiyanın strateji maraqlarını ümumiyyətlə, boşa çıxara biləcək məqamdır.

d153e5d779b0c7a828d807040622cd29.jpg

Rusiya Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərini yalnız iqtisadi layihə kimi görmür. Kreml üçün bu, həm də regiona geopolitik nəzarət alətidir. 2020-ci ilin 10 noyabr bəyanatından sonra Kreml Zəngəzur dəhlizi üzərində faktiki nəzarətini təmin etməyə çalışırdı. Ermənistanın ABŞ və Qərbin dəstəklədiyi alternativ “Tramp marşrutu” variantını gündəmə gətirməsi isə Rusiyanın bu planını sıradan çıxartmış olur.

Düzdür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın açıqlamasında açıq sərtlik mövcud deyil. Ancaq bu açıqlamada Rusiyanın ciddi şəkildə qıcıqlandığı biruzə verilir. Onun “İzahat gözləyirik” mesajı isə əslində, Paşinyan hakimiyyətinə dolayısı xəbərdarlıqdır. Və rəsmi İrəvana Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı Rusiya yoxsa, ABŞ-ın iştirakına yönəlik variantlardan hansını seçməli olduğunu diqtə etmək cəhdidir.

Halbuki, Paşinyan hakimiyyəti uzun müddətdir ki, Rusiyanın diktə etdiyi “kommunikasiya açılışı” modelini qəbul etmək istəmədiyini qətiyyən gizlətmir. Çünki bu halda, həm Azərbaycanın, həm də Rusiyanın bölgədə təsiri daha da artacaq. Alternativ marşrut ideyaları — istər “Tramp marşrutu”, istərsə də Avropa İttifaqının dəstəklədiyi Brüssel platforması isə Ermənistanın manevr məkanını genişləndirməyə imkan verə bilər. Bu siyasətlə rəsmi İrəvan həm Qərbə loyal görsənməyə, həm də Rusiya qarşısında əlavə rıçaq əldə etməyə çalışır. Və bu balans oyunu Ermənistan üçün hələlik çox risklidir.

Məsələ ondadır ki, Kremlin Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyətini yalnız Rusiyanin iştirakı ilə legitim hesab etmısi vəziyyəti ciddi şəkildə qəlizləşdirir. Çünki Ermənistanın Qərbə yönəlik təşəbbüsləri Rusiyanın təsir dairəsinin əridilməsi prosesinin tərkib hissəsidir. Və bu, Rusiyani Ermənistana sərt təzyiq metodları axtarmağa sövq edir.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg

Digər tərəfdən, ABŞ və Qərb Ermənistanı regionda “geopolitik laboratoriya”ya çevirməkdə maraqlıdır. Xüsusilə də, “Tramp körpüsü” ilə bağlı geoiqtisadi təşəbbüs Ermənistanın ABŞ-ın yeni Cənubi Qafqaz planında yer tutması üçün əsas ssenaridir. Bu, Rusiyanın bölgədəki mövqelərini daha da zəiflədə və növbəti mərhələdə ümumiyyətlə, aradan qaldıra bilər.

Göründüyü kimi, “Tramp marşrutu” ifadəsi hələlik konkret layihədən çox, geopolitik mexanizm xarakteri daşıyır. Ancaq bu, artıq indidən Rusiya və Ermənistan arasında yeni gərginlik nöqtəsinə çevrilib. Kreml indi rəsmi İrəvandan izahat tələb etməklə, həm Ermənistana, həm də ABŞ və Qərbə açıq mesaj göndərir. Və Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin Rusiyanın iştirakı olmadan açıla bilməyəcəyini təlqin etməyə çalışır.

Belə anlaşılır ki, hazırda Ermənistan balans oyunu apararaq, həm ABŞ və Qərbin, həm də Rusiyanın təzyiqləri arasında sıxışmağa başlayıb. Üstəlik, mövcud situasiyada rəsmi İrəvanın manevr məkanı genişlənmək əvəzinə, daha da darala bilər. Və ona görə də, indi Ermənistanın Kremlin təhdidkar təzyiqlərindən yayınması ABŞ-ın Rusiyanı Cənubi Qafqazın “Tramp körpüsü”ndən aşağı atıb-atmayacağından asılı olacaq.

Elçin XALİDBƏYLİ,
“Yeni Müsavat”

Seçilən
7
7
editor.az

8Mənbələr