Kifayət qədər su içməyinizə baxmayaraq hələ də susuzluq hiss edirsinizsə, bu, ciddi sağlamlıq probleminin xəbərçisi ola bilər.
E-saglam.az xəbər verir ki, daxili xəstəliklər mütəxəssisi Dr. Sefanur Dalarslan Karakaya bildirib ki, belə hallarda yorğunluq və əzələ qıcolmaları da müşahidə olunursa, səbəb mütləq araşdırılmalıdır.
Mütəxəssis qeyd edib ki, orqanizmin su-duz balansını pozan istənilən faktor susuzluğa yol aça bilər. Ən çox rast gəlinən səbəblər arasında xroniki stress, şəkərli diabet, hormon pozğunluqları (hipertiroidizm, Cushing sindromu), vitamin-mineral çatışmazlığı və diuretik təsirli dərman və qidaların qəbulu göstərilir.
Karakaya əlavə edib ki, qəhvə, çay və spirtin həddindən artıq istifadəsi də sidikqovucu təsir göstərərək susuzluğu artıra bilər. Bəzən isə ağız quruluğu susuzluqla səhv salınır. Bu hal tütün istifadəsi, ağızdan nəfəs alma və ya yaşlanma ilə bağlı ola bilər.
“Əgər davamlı susuzluqla yanaşı yorğunluq, əzələ krampları və ya tez-tez sidiyə getmə kimi əlamətlər hiss edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin” – deyə mütəxəssis xəbərdarlıq edib.
Tərcümə: Könül Oruc
E-saglam.az