Son illərdə təbii qidalara maraq artdıqca unudulmuş bitkilər və meyvələr yenidən gündəmə gəlir...
Onlardan biri də zoğaldır. Xalq təbabətində qədimdən istifadə olunan bu meyvə həm müalicəvi xüsusiyyətləri, həm də güclü antioksidant təsiri ilə seçilir.
Mütəxəssislərin fikrincə, zoğal orqanizmin müdafiə mexanizmini gücləndirir, xüsusilə soyuq aylarda immunitetin aşağı düşdüyü dövrlərdə bədəni qorumağa kömək edir. C vitamini ilə zəngin olan zoğal virus və infeksiyalara qarşı təbii sipər rolunu oynayır.
Zoğal qan təzyiqini tənzimləyir, hipertoniya problemi olanlar üçün təzyiqi balanslaşdırmağa kömək edir. O, həmçinin iltihab əleyhinə təsir göstərir, romatizm və oynaq ağrılarında rahatlaşdırıcı təsirə malikdir. Həzm sisteminə də müsbət təsir göstərən zoğal, iştahanı artırır və bağırsaqları təmizləyir. Antibakterial xüsusiyyətləri sayəsində bədəndəki zərərli bakteriyalara qarşı da təsirlidir.
Dietoloqlar bildirirlər ki, zoğal meyvə kimi yeyilə, eyni zamanda şirə, cem, kompot və ya çay formasında da istifadə oluna bilər. Xüsusilə şəkərsiz hazırlanmış zoğal suyu sidik yolları infeksiyalarının qarşısını almaqda təsirlidir. Ən vacib məqam isə odur ki, zoğal həm təbii, həm də əlçatan bir qidadır. Mövsümündə təzə, digər aylarda isə qurudulmuş formada asanlıqla əldə etmək mümkündür.(milli.az)
Poliqon.info