AZ

Anti-Azərbaycan qüvvələrin Nümayəndələr Palatasında fiaskosu

Bakı-Vaşinqton münasibətlərinə əngəl olan sənədin ləğvi prosesi başladı - kritik gözlənti

ABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi FY2026 Müdafiə Səlahiyyətləri Haqqında Qanuna (NDAA) təqdim edilən anti-Azərbaycan məzmunlu iki mühüm düzəlişi gündəliyə daxil etməyib. 

Söhbət Konqresmenlər Frenk Pallone (D-NJ) və Qas (Gus) Bilirakis (R-FL) tərəfindən irəli sürülmüş təkliflərdən gedir. Onlardan biri ABŞ Prezidentinin 907-ci düzəlişi dayandırmaq səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağı, digəri isə Pentaqondan hər il “Azərbaycanın Ermənistanın suverenliyini tanıdığı” barədə xüsusi təsdiq tələb etməyi nəzərdə tuturdu. Hər iki düzəliş “made in order” siyahısına salınmadığından səsverməyə çıxarılmayacaq və qanunvericilik prosesindən kənarda qalacaq. Bu qərar erməni lobbi təşkilatlarının geniş kampaniyalarına rəğmən qəbul olunub və Vaşinqtonda anti-Azərbaycan istiqamətli addımların qarşısının alınması kimi qiymətləndirilir.

Qaydalar Komitəsinin qəbul etdiyi qayda yalnız məhdud sayda dəyişikliklərin plenar müzakirəyə çıxarılmasına imkan verir. Məhz bu səbəbdən Pallone və Bilirakisin təqdim etdiyi düzəlişlər rəsmi şəkildə rədd edilib. Bu fakt hüquqi baxımdan onların uğursuzluğunu təsdiqləyir və Azərbaycanın diplomatik xəttinin effektivliyini göstərir.

Xatırladaq ki, bu qərar ABŞ-Azərbaycan münasibətlərinin son aylarda yüksəlişdə olduğu bir dövrə təsadüf edir. 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə Bəyanat imzalamışdılar. Həmin görüş ABŞ və beynəlxalq media tərəfindən Cənubi Qafqazda sülh prosesində dönüş nöqtəsi kimi təqdim olunmuşdu. Bu çərçivədə Vaşinqtonun irəli sürdüyü sülh gündəmi, habelə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlığı daha da dərinləşdirmişdi.

Bundan əlavə, Ağ Ev həmin görüşlə eyni xəttdə olaraq Azadlığa dəstək Aktına 907-ci Düzəlişin Azərbaycana yardımla bağlı dayandırılmasını uzadan xüsusi memorandum dərc etmişdi. Bu addım Bakı ilə Vaşinqton arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının davamına geniş imkan açmış, eyni zamanda anti-Azərbaycan təşəbbüslərin qarşısını hüquqi əsasda kəsmişdi.

Beləliklə, Nümayəndələr Palatasının Qaydalar Komitəsində qəbul edilən son qərar Azərbaycanın ABŞ Konqresində daha bir siyasi uğuru kimi qiymətləndirilir. Anti-Azərbaycan xarakterli düzəlişlərin səsverməyə buraxılmaması həm iki ölkə münasibətlərində yeni mərhələni möhkəmləndirir, həm də Ağ Evin 8 avqustda imzalanmış sülh gündəmi ilə tam şəkildə üst-üstə düşür.

Bu hadisə 907-ci düzəlişin ləğv olunacağı ehtimalını artırırmı?

Xəyal

 Xəyal Bəşirov 

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat” bildirdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında həmişə Azərbaycana qarşı qüvvələr olub, lakin artıq onlar əvvəlki kimi Azərbaycan əleyhinə hər istədiklərini keçirə bilmirlər: “Onların Azərbaycana qarşı addımları heç vaxt dayanmayacaq. İki gün öncə də buna cəhd ediblər, lakin istədiklərinə nail ola bilməyiblər. Azərbaycan-ABŞ münasibətlərinin 8 avqustda Vaşinqtonda keçirilən görüşdə və imzalanan sənəddən sonra inkişafı mərhələsində belə biz bu fəaliyyətin dayanmadığını görürük. Ermənipərəst qüvvələr 8 avqustdan sonra bir qədər aktivləşiblər. Sadəcə olaraq çox çalışsalar da bu dəfə Azərbaycanın zərərinə olan sənədlərin qəbul edilməsinə nail ola bilmirlər. Həmin qüvvələr əsasən Demokratlar Partiyasından olanlardır. ABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi FY2026 Müdafiə Səlahiyyətləri Haqqında Qanuna  təqdim edilən anti-Azərbaycan məzmunlu iki mühüm düzəlişin gündəliyə daxil edilməsinin qarşısını Respublikaçıların təmsilçiləri alıblar. Nümayəndələr Palatasında Respublikaçılar səs çoxluğuna malikdirlər. 435 nəfərlik Nümayəndələr Palatasında 220 nəfər Respublikaçı, 212 nəfər Demokratlar var. Üç yer isə boşdur. Qeyd etdiyimiz hadisənin Azadlığa dəstək Aktına 907-ci Düzəliş adlı mənfur sənədin tam şəkildə ləğvi ehtimalını gücləndirib-gücləndirmədiyinə gəlincə, bu ehtimal yüksəlib. Başlanan proses, hesab edirəm,  907-ci düzəlişin ləğvinə gətirib çıxaracaq”.

Ekspert vurğuladı ki, Azərbaycan diplomatiyası bu istiqamətdə fəaliyyət göstərir: “Bizdən asılı olan hissədə biz, təbii ki, tələsməliyik, işlərimizi davam etdirməliyik. Azərbaycan əslində bu istiqamətdə çox ciddi bir işi reallaşdırıb. 8 avqustda Vaşintonda Prezident İlham Əliyevin Prezident Donald Tramla görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün razılaşma əldə olunub və bu istiqamətdə işlər artıq başlayıb. Bu proses əslində iki dövlət arasında strateji tərəfdaşlığa kölgə sala bilən 907-ci düzəlişin ləğvini labüd edir. Ümid edək ki, ABŞ, Tramp administrasiyası bu məsələni nəzərə alacaq və vaxtilə qəbul edilmiş əsassız və ədalətsiz bu sənəd ləğv ediləcək. Artıq Qarabağ münaqişəsi də həll edilib və Azərbaycanla Ermənistan arasında sülh prosesi gedir. ABŞ bu amilləri də nəzərə almalıdır və sülh prosesinə töhfə vermək üçün də 907-ci düzəliş ləğv olunmalıdır. Artıq 907-ci düzəlişin ləğvi prosesinin başlandığını söyləyə bilərik. 8 avqustdan başlanan proses Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ-a iki gün öncə reallaşan səfəri və keçirdiyi çox mühüm görüşlərlə davam edir. Bu prosesin istədiyimiz kimi yekunlaşacağına inanırıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Seçilən
24
6
musavat.com

7Mənbələr