“Susmağımın ən böyük səbəbi hər şeyi qanuna həvalı etməyim idi. Artıq apellyasiya məhkəməsində də qalibik”.
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə “Öz aramızda” proqramında qonaq olarkən bildirib.
Uzun illərdir aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında məhkəmə işi gedən ifaçı bildirib ki, hazırda qarşı tərəfin hər şeyi təkzib etməsi gözlənilir: “Amma müxtəlif variantlarla, ünvan dəyişikliyi və digər yollarla qaçınmalar olur. Artıq istədiyimiz məqamlar ortaya çıxsa da, iş prosesi uzanır. Yenə də vəkilim təkzibin yerinə yetirilmədiyi üçün bu işlə bağlı bir daha müraciətlər edir və qanuni tələblərini təqdim edir. Mən düşünürəm ki, belə halların qanunlarımızla ziddiyyət təşkil etməsi mümkün deyil. Yenə də deyirəm, öz dövlətimin qanunlarına inanıram.
Mən nə baş verməsindən asılı olmayaraq, bütün məhkəmələri dövlətimin qanunları ilə udmuşam. Yalnız bir məsələ qalıb: qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir. Amma məsələ uzadılır, qarışdırılır, sanki mənim bunu qəbul edəcəyim düşünülür. Heç vaxt! Çünki mən haqlı olduqca, haqqımı tələb edəcəyəm. Bununla da dəfələrlə sübut edəcəyəm ki, Azərbaycan dövlətinin qanunları həmişə aşkar və ədalətli olub və məhz həmin qanunlara əsasən bütün məhkəmələrdə qərarlar çıxarılıb”.
A.Əlizadə onu da qeyd edib ki, 5 ildə cəmi iki dəfə bu barədə danışıb: “Sonradan “təkzib” kimi təqdim olunan videoçarxa baxanda çox gülməyim gəldi. Çünki sanki istehza ilə hazırlanmış bir təkzib idi. Mənim hər gün efirim yoxdur ki, çıxıb danışım. Bu 5 ildə ikinci dəfədir ki, çıxıb nələrisə deyirəm. Çünki mən susduqca, abrımı qoruduqca baxıram ki, daha da üstümə gəlinir. Mənə vəkilim də, dostlarım da deyirdi ki, sus. Çünki cavab verdikcə söhbət daha da böyüyəcək. Susduqca da məsələ çox uzandı. Susmağıma çox peşmanam. Çünki bununla məni tamaşaçıların gözündə günahkar çıxardılar.
Qarşı tərəfin, adı mənimlə hallanan bəyin öz həyat yoldaşından başqa, elə mənim vaxtdan sevdiyi qadın olub. Ondan iki uşağı da var. Bildiyim qədər o qadın sadə həyat yaşayan biridir və adı da Ayseldir. Bunlar efirdə səsləndirilməyib”.
Qeyd edək ki, 2019-cu ildə ''Səni Axtarıram'' verilişində qonaq olan Turanə Nəcəfova adlı qadın Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızının müğənni haqda səsləndirdiyi fikirlər onlar arasında qalmaqala səbəb olub. A. Əlizadə X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İki il əvvəl Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməli idi.