Azərbaycanda bir istifadəçi üçün beynəlxalq internet kanallarının həcmi 2023-cü ildə 311,5 kbit/s olduğu halda, 2024-cü ildə 2,8 dəfə artaraq 863,1 kbit/s-ə çatıb.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
Ümumilikdə beynəlxalq internet kanallarının həcmi də artaraq, 2023-cü ildəki 3 807,5 Gbit/s-dən 2024-cü ildə 8 020,6 Gbit/s-ə çatıb. Bu da 2,1 dəfə artım təşkil edir.
Aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 2023-cü ildə 8 milyon nəfər olduğu halda, ötən il 14,3% artaraq 9,2 milyon nəfərə çatıb. Hər 100 nəfərə düşən mobil internet abunəçilərinin sayı da 2023-cü ildə 86,7 nəfər ikən, 2024-cü ildə 90,4 nəfərə yüksəlib.
Sabit genişzolaqlı internet abunəçilərinin sayı isə 2023-cü ildə 1,97 milyon nəfər olduğu halda, 2024-cü ildə 2,32 milyon nəfərə çatıb. Bu, illik müqayisədə 17,8% artım deməkdir.
Sürət kateqoriyalarına görə abunəçilərin sayı da artıb. Xüsusilə 10 Mbit/s-dən 100 Mbit/s-ə qədər sürətdən istifadə edənlər 2023-cü ildə 829,3 min nəfər ikən, 2024-cü ildə 843,6 min nəfərə yüksəlib. 100 Mbit/s və daha yüksək sürətdən istifadə edənlərin sayı isə 2023-cü ildə 224,1 min nəfərdən 2024-cü ildə 943,4 min nəfərə çatıb. Bu isə 4,2 dəfə artım deməkdir.