AZ

Astanada Orta Dəhlizlə daşınmaların səmərəliliyinin artırılması yolları müzakirə olunub

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Trans-Caspian International Transport Route / TBNM) Assosasiyasının ofisində Çinin beynəlxalq mühəndislik-konsaltinq korporasiyasının (China International Engineering Consulting Corporation, CIECC) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Avtosfer.az bu barədə Orta Dəhlizin rəsmi saytına istinadən xəbər verir. İnformasiyaya əsasən, Çindən olan nümayəndə heyətinin səfəri Çinin İnkişaf və islahatlar üzrə dövlət komitəsinin tapşırığı əsasında həyata keçirilib. Səfərdə məqsəd Çin-Avropa dəmiryolları daşımaları ilə bağlı operativ vəziyyəti araşdırmaq və TBNM marşrutu imkanlarının qiymətləndirilməsi olub. Məlumata görə, görüşdə tərəflər daşınmaların dinamikasını və konteyner daşıyan qatar reyslərinin tezliyini, TBNM marşrutunun rəqabətə-davamlılığını, tarif siyasətini, kvotalardan istifadəni və başqa məsələləri müzakirə ediblər.

Qeyd olunur ki, xüsusi diqqət infrastrukturun və əsas qovşaqların inkişafına yönəldilib. Buraya Aktau limanında konteyner habının istifadəyə verilməsi, çatdırılma müddətlərinin qısaldılması və yüklərin izlənməsi üçün rəqəmsal həllərin tətbiqi daxildir. “Müzakirələrin nəticəsi olaraq, TBNM marşrutu üzrə daşımaların səmərəliliyinin artırılmasına və Çin-Avropa dəmir yolu əlaqələrinin dayanıqlı inkişafına töhfə vermək məqsədilə gələcək əməkdaşlıq və birgə fəaliyyətlər barədə anlaşma əldə olunub”.

Qeyd edək ki, CIECC Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının idarəçiliyi altında fəaliyyət göstərən ən iri dövlət konsaltinq şirkətidir. Korporasiya illər ərzində nəqliyyat, energetika, şəhər inkişafı və yüksək texnologiyalar sahələrində 150 mindən çox layihəni, ümumilikdə 200 trilyon yuanı aşan məbləğdə həyata keçirib.

Seçilən
23
2
avtosfer.az

3Mənbələr