Tural İsmayılov: “Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi dönəmdə yüzlərlə azərbaycanlı girov götürüldü, əsirlərə işgəncə verildi, mülki şəxslər xüsusi hədəfə çevrildi”
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəmə prosesi davam edir.
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər və şahidlər ifadə verir, faktları üzə çıxarır.
Məhkəmədə elan olunan sənədlərdə 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb. Təqsirləndirilənlər mülki şəxsləri əsir götürdüyünü, onlara olmazın işgəncələr verdiyini etiraf ediblər.
Siyasi şərhçi Tural İsmayılov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Serj Sarkisyan və Robert Köçəryan dövrü Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzün ən qanlı səhifələrindən biri kimi tarixə düşüb: “Bu şəxslərin hakimiyyətə gəlməsi ilə erməni siyasətində radikal millətçi və revanşist xətt tam şəkildə gücləndirildi. Xocalı soyqırımı məhz həmin dövrün davamçısı olan ideologiyanın məhsulu idi və Sarkisyanın sonradan verdiyi etiraflar bu cinayətlərin məqsədli həyata keçirildiyini göstərdi. Onun “biz azərbaycanlılara dərs verdik” tipli açıqlamaları Ermənistan rəhbərliyinin mülki şəxslərə qarşı planlı şəkildə vəhşilik törətməsini sübut edir. Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi dönəmdə yüzlərlə azərbaycanlı girov götürüldü, əsirlərə işgəncə verildi, mülki şəxslər xüsusi hədəfə çevrildi. Bu, təkcə ordunun hərbi əməliyyat taktikasının yox, dövlətin siyasi strategiyasının göstəricisi idi. Beynəlxalq hüquqa görə mülki şəxslərin qəsdən öldürülməsi və əsir götürülməsi ən ağır müharibə cinayətlərindən hesab olunur. Ermənistan isə bunu sistematik şəkildə həyata keçirərək, terrorçu davranışları dövlət siyasəti səviyyəsinə qaldırdı.
Sarkisyan və Köçəryanın hakimiyyəti illərində Qarabağda yerləşdirilmiş qeyri-leqal silahlı dəstələr dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirirdi. Əsir düşən şəxslərin bir qismi geri qaytarılmadan qətlə yetirilir, digərləri isə qeyri-insani işgəncələrə məruz qalırdı. Bu faktların çoxu hazırda məhkəmələrdə və şahid ifadələrində üzə çıxır.Əslində, həmin dövrün siyasəti Ermənistanın regionda sabitlik və barışıq istəmədiyini, əksinə, təcavüz və etnik təmizləmə üzərində dövlət qurduğunu nümayiş etdirir. Sarkisyan–Köçəryan xətti yalnız Azərbaycana deyil, bütün regionun təhlükəsizliyinə təhdid idi. Bu səbəbdən onların cinayətkar siyasəti təkcə tarixi qiymətləndirmə deyil, həm də beynəlxalq hüquqi müstəvidə məsuliyyət məsələsidir”.
Günel CƏLİLOVA