AZ

12 dev adam tarixi qələbə ilə finala yüksəldi!

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Latviyanın paytaxtı Riqada basketbol üzrə Avropa Çempionatında finalçılar bəlli oldu. "Football-plus.az" xəbər verir ki, yarımfinalda Almaniya Finlandiyanı 98:86 məğlub edərək favorit statusunu asanlıqla doğrultdu. Digər yarımfinalda isə əzəli və prinsipial rəqiblər - Türkiyə ilə Yunanıstan üz-üzə gəldi. Bu turniri inanılmaz keçirən qardaş ölkənin komandası güclü rəqibinə heç bir şans vermədi. Yunanıstanın bir dəfə də olsun hesabda önə keçə bilmədiyi bu qarşılaşmada Türkiyə rəqibini 94:68 hesabı ilə darmadağın etdi! Yunanların lideri və superulduzu Yannis Antetonunmpoya göz açmağa imkan verməyən, üstəlik 8 3 saylıq atışdan 6-nı dəqiq ataraq 28 xal toplayan Ərcan Osmani bəlkə də karyerasının ən yaxşı performansını ortaya qoydu. Bu turnirdə hər oyuna orta hesabla 29 xal toplayan Yannis bu matçda yalnız 12 xal toplaya bildi! Yunanların digər lideri Kostas Slukas isə yalnız 15 xal topladı. Türkiyənin heyətində Ərcan Osmanidan başqa Alpərən Şengün 15 xal, 12 ribaund ilə dabl-dabl etdisə, kapitan Cedi Osman da 17 xal toplayaraq qələbədə mühüm rol oynadı. Türkiyə Yunanıstana qarşı 16-cı rəsmi oyunda cəmi 4-cü qələbəsini qazandı. AÇ çərçivəsində bu rəqibə qarşı keçirdiyi son 5 oyunun hamısında məğlub olan ''12 dev adam'' yunanları bu turnirdə sonuncu dəfə 50 il öncə - 1975-də məğlub etmişdi. 26 xallıq fərq Yunanıstanın AÇ-də son 32 ildəki ən ağır məğlubiyyətidi. Bu komanda bundan daha böyük fərqlə (59:99) sonuncu dəfə AÇ-1993-də Xorvatiyaya məğlub olmuşdu. Beləliklə, Türkiyə tarixində 2-ci dəfə basketbol üzrə AÇ-nin finalına yüksəldi. İlk belə hal AÇ-2001-də yaşanmışdı. Həmin vaxt qardaş ölkə finalda Yuqoslaviyaya uduzmuşdu. Bundan başqa Türkiyə DÇ-2010-da da finalda oynayaraq ABŞ-a yenilmişdi. Amma bu nəhəng turnirlərin hər ikisi İstanbulda keçirilmişdi. Yəni Türkiyə tarixində ilk dəfə vətənindən kənarda keçirilən nəhəng turnirdə finala yüksəldi. Sabah bürünc medallar uğrunda oyunda Yunanıstan ilə Finlandiya qarşılaşacaq. Bakı vaxtı ilə saat 22.00-da başlayacaq finalda isə Türkiyə Almaniya ilə qarşılaşacaq. Maraqlıdı ki, hər iki komanda bu turnirdə finala qədər keçirdiyi 8 oyunun hamısında qələbə qazanıb!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr