AZ

10 min manatınız varsa: Azərbaycanda ən gəlirli yatırım hansıdır?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İnsanlar arasında ən çox müzakirə olunan mövzulardan biri də düzgün yatırım növünün müəyyənləşdirilməsi ilə bağlıdır. 

Yatırım etmək hər kəsin gələcəyini qorumaq və maliyyə imkanlarını artırmaq üçün düşündüyü addımlardan biridir. Xüsusilə də vətəndaşların əlində müəyyən məbləğdə vəsait olduqda, bu pulları necə dəyərləndirmək sualı aktuallaşır. 

Məsələn, 10 min manat məbləğində kapitalı olan bir şəxsin qarşısında bir neçə seçim dayanır: ilkin ödənişlə mənzil almaq, qızıla sərmayə yatırmaq, pulu banka qoymaq və ya dollar almaq. Yatırım edərkən düzgün seçim həm riskləri minimuma endirir, həm də gəlir əldə etməyə imkan verir. 

Bəs 10 min manatı olan bir vətəndaş üçün ən sərfəli yatırım hansı ola bilər? Ümumiyyətlə, yatırımın hansı növünə üstünlük vermək daha yaxşıdı? 

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, bu məbləğlə ən məqsədəuyğun addım valyuta zənbili formalaşdırmaqdır: 

“On min manat böyük məbləğ hesab olunmur. Bu məbləğlə vətəndaşın ev alması və ya ilkin ödəniş etməsi real deyil. Belə halda ən məqsədəuyğun addım valyuta zənbili formalaşdırmaqdır. Bu zənbil avro, dollar, funt- sterlinq və ya İsveçrə frankından ibarət ola bilər. Valyuta zənbilinin üstünlüyü ondadır ki, bir valyutanın dəyəri enəndə, digəri qalxa bilər və bu, balans yaradaraq vətəndaşın itki riskini minimuma endirir. 

Qızıla yatırım etmək də mümkündür. Son aylarda qızılın qiymətində artım müşahidə edilsə də, bu bazarda kəskin enmələr də ola bilər. Bu səbəbdən qızıl uzunmüddətli saxlanıldıqda sərfəli sayılsa da, qısamüddətli dəyişkənlik investor üçün risk yarada bilər”. 

İqtisadçı-ekspert Razi Abbasbəyli isə bildirib ki, insanlar əsasən iki istiqamətə - daşınmaz əmlak və qızıla yatırım etməyə çalışırlar:

“Azərbaycanda vətəndaşlar ən çox daşınmaz əmlaka yatırım etməyə üstünlük verirlər. Çünki daşınmaz əmlak daha az riskli hesab olunur və sabit qiymətini qorumaqla yanaşı, zaman-zaman dəyər qazanır. Bu, ən azı 30-40 il üçün planlaşdırılan uzunmüddətli investisiya formasıdır. 

Daha geniş perspektivdə isə qızıla yatırım məqsədəuyğun hesab olunur. Azərbaycanda da bu tendensiya getdikcə güclənir. Qızıl nisbətən az riskli və sabit dəyər qazanan kapital forması kimi qəbul edilir. Buna görə də insanlar əsasən iki istiqamətə – daşınmaz əmlak və qızıla yatırım etməyə çalışırlar. Bu, həqiqətən də daha məqsədəuyğun sayılır”. 

Ekspert qeyd edib ki, restoran şəbəkələrinə kiçik investisiya yatırımları artıb:

“Eyni zamanda, kiçik biznes subyektlərinin formalaşdırılması istiqamətində də müəyyən təşəbbüslər müşahidə olunur. Xüsusilə restoran şəbəkələrinə kiçik investisiya yatırımları artıb. 

Bundan başqa, elektron ticarət sahəsində də aktivlik nəzərə çarpır. Məsələn, 10 min manatlıq və ya daha az məbləğlə belə elektron ticarətdə iştirakçıya çevrilmək mümkündür. Ümumilikdə, mövcud faktorları nəzərə alanda, Azərbaycanda ən təhlükəsiz və gəlirli yatırım istiqamətləri daşınmaz əmlak və qızıl hesab olunur”. 

Gülər

"Cebheinfo.az" 

Açar sözlər:

yatırım Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr