AZ

Gürcüstanda yeni inqilab havası  

Əvvəllər “Bakıda demokratiya havasını bəyənməyənlərin Gürcüstana gedib rahat nəfəs alması” artıq keçmişdir

Üç həftə sonra-oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə xüsusi diqqətin səbəbi qutudan kimin qalib, kimin məğlub çıxacağı deyil. Azərbaycan mediasının Gürcüstandakı seçki ərəfəsi ölkədəki vəziyyətə xüsusi marağı görünmür.

Ümumiyyətlə quru sərhədlər bağlı olandan “Qırmızı körpü”nün o biri tərəfindəki ölkə də sanki bizdən uzaqlaşıb. Bağlı sərhədlər öz psixoloji  təsirini göstərib, halbuki Gürcüstan son onillikdə bölgənin az qala siyasi indikatoru rolu oynayıb. Çünki Qərb regionla bağlı öz planlarını bu kiçik, amma mühüm ölkə üzərindən qurmağa çalışıb. “Rəngli inqilab”, anti-Rusiya hökumətləri Ukraynadan əvvəl Gürcüstanda sınaqdan çıxarıldı. 2012-ci ildən- “Gürcü Arzusu” ölkənin bu cür eksperiment və sınaqlarına qarşı durmağa çalışır. Bu kənardan  dəstəklənən basqılar isə Gürcüstan hökumətini ölkədə daha sərt idarəetməyə məcbur edir. 

Əvvəllər “Bakıda demokratiya havasını bəyənməyənlərin Gürcüstana gedib rahat nəfəs alması”artıq keçmişdir. Gürcüstanda hər seçkidən sonra qanunların sərtləşdirilməsinin səbəbini Rusiyada, hökumətin anti-Avropa, anti-Amerika əhvalında axtarmağa gərək yoxdur. Qərb 2500-dək QHT üzərindən Gürcüstanda hakimiyyəti dəyişmək üçün Tiflis küçələrində günlərlə davam edən iğtişaşlar törədərsə, hökumət də buna qarşı öz “qanunlarını” işə salmalıdır, maliyyə qaynaqlarına nəzarət adı altında(“xarici agent”) ölkəyə gələn, aksiyalar üçün xərclənən milyonların qarşısını kəsməlidir. İndi sərt qanunlar, antidemokratik idarəçilik adı verdikləri Gürcüstan hökumətini Avropa Birliyinə üzvlük yarışından uzaqlaşdırıblar, Avropa Şurası deputatlarının mandatını dayandırıb, vizasız gediş-gəliş rejimini qaldırmaq haqda da müzakirələr gedir. Amma bütün bu uzaqlaşma o demək deyil ki, Qərb Gürcüstandan gözünü çəkib, öz hakimiyyətini qurmaq niyyətindən vaz keçib. 

Ona görə yaxınlaşmaqda olan bələdiyyə seçkilərinə yenə müdaxilə niyyətləri var. Gürcüstandakı hazırkı vəziyyəti, hadisələrin mümkün inkişafını Bakıda oturub təhlil etmək, qiymətləndirmək çətindir, amma xəbərlər təsdiq edir ki, budəfəki seçkilərə Qərb də, dağınıq halda olan müxalifət də hakimiyyəti dəyişmək üçün son şans kimi baxır.  

Bəzi müxalif qüvvələri seçkini boykot edərək hakim “Gürcü Arzusu”nun nəticələri saxtalaşdıracağını deyiblər.ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) seçkiləri müşahidə missiyası göndərməkdən “dəvət gec olub” bəhanəsi ilə imtina edib. Bu artıq parlament seçkiləri kimi yerli seçkilərin də “tanınmayacağı”anlamına gəlir.     

Müxalifətin etirazlar üçün səbəbləri var, qalır zamanını dəqiqləşdirmək. Məsələn, “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze hələ bir müddət əvvəl seçkilərində Gürcüstandakı mövcud hakimiyyəti devirməyə söz verib. “Oktyabrın 4-ü saat 16:00-da Respublika Meydanına toplaşacağıq,  rejimin ələ keçirdiyi ölkəni geri alacağıq. 4 oktyabr təkcə etiraz günü deyil, tarixi qələbə günü olacaq”.

İki gün əvvəl isə vaxtilə hakim partiya olan “Vahid Milli Hərəkat”ın keçmiş sədri Levan Xabeişvili “hökumət rəsmilərinə və hüquq-mühafizə orqanlarının nümayəndələrinə rüşvət verməyə cəhdə görə” həbs edilib. Xabeişvili çıxışlarında xalqı “dinc inqilaba” çağırıbmış. Son çıxışında isə dinc inqilab dedikdə Ermənistanda 2018-ci il inqilabını xatırladıb və öz seçki taktikasını  “Paşinyan strategiyası” adlandırıb. Maraqlıdır ki, Gürcüstanın eks prezidenti Salome Zurabişvili isə 2024-cü il parlament seçkilərində səslərin saxtalaşdırılmasını “erməni karuseli” adlandırmışdı. 

Gürcüstanın siyasi dairələri Xabeişvilinin dediklərinə və həbsinə ciddi baxmır, amma bu həbs ətrafında hay-küy artıq başlayıb. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə olsa da, fəal olduğu sosial şəbəkədə Xabeişvilinin qondarma ittihamla saxlandığnı yazıb.

O da Nepaldakı qanlı hadisələrindən sonra hakimiyyət dəyişikliyini xatırladıb:

“Mən hər kəsə müraciət etmək istəyirəm: gəlin Nepal nümunəsindən öyrənək və rejimin korrupsioner məmurlarının saraylarının fotoşəkillərini kütləvi şəkildə yayaq – bu, çox vacib ifşa olacaq”.  

Sentyabrın 11-də isə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti sərhəddə iki Ukrayna vətəndaşını ölkəyə 2,4 kq partlayıcı maddə gətirməyə görə həbs edib. Baş nazir İrakli Kobaxidze iddia edib ki, Ukrayna xüsusi xidmət orqanları tərəfindən ölkəyə partlayıcı maddələrin gətirmək cəhdi dövlət çevrilişinə hazırlığın tərkib hissəsidir. Amma baş nazir bunu sübut edəcək fakt ortaya qoymayıb. Yalnız onu deyib ki, müxalifət çıxılmaz vəziyyətdədir, seçkləri  qazanmaq üçün çox zəifləyib, belə məqamlarda isə istənilən təxribat mümkündür. 

Bir vaxtlar Avropa İttifaqına, NATO-ya birgə addımlayan Gürcüstan hökuməti ilə rəsmi Kiyev arasında çoxdandır “müharibə vəziyyətidir”. Kiyev hesab edir ki, “Gürcü Arzusu” Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmamaqla, Moskva ilə qarşıdurma xəttindən imtina etdiyi üçün xaindir. Hətta höklumətin tanınmış üzvlərinə sanksiya da tətbiq edib. Fakt odur ki, sərhəddə bir neçə ölkənin gömrüyünü keçən maşının gizli saxlanc yerindən partlayıcı tapılıb. Ukrayna kəşfiyyatının seçkiyə “bomba qoymaq” niyyəti inandırıcı ola bilər, amma baş nazir deyir ki, sifarişçi kimdir, hansı ölkədir, onu tapmaq lazımdır.

Aydındır ki, Tiflisin atdığı “oxlar” Ukrayna ilə sıx əlaqələri olan Avropa Birliyini göstərir. Bəs Amerika? ABŞ bu seçkilərdə revanş almaq, “Gürcü Arzusu”nun hakimiyyətini yıxmaq istəyindədirmi? Hökumət bu suala indilikdə cavab tapmaqda çətinlik çəkir, bu Kobixadzenin açıqlamasında da görünür. Məsələ ondadır ki, ABŞ aylardır Gürcüstana səfiri təyinatını yubadır.(Yeri gəlmişkən, Azərbaycanda da səfir post vakantdır). Tramp administrasiyası açıq şəkildə Gürcüstan hökumətini iqnor edir.

Hətta son olaraq Gürcüstan prezidenti Trampa məktub da yazmışdı, Əliyevlə, Paşniyanın Ağ Evə dəvətinə işarə etmiş, Gürcüstanı görməzdən gəlməməyə çağırmışdı. Amma Ağ Evdən yenə reaksiya olmadı. Kobixadze isə deyib ki, səfir təyinatından sonra ABŞ-ın  Gürcüstanla bağlı hansı mövqe tutacağını bilmək olacaq.  İndi belə görünür ki, bu seçkiyə ABŞ-ın əvvəlki kimi müdaxilələri olmayacaq.    

Gürcüstanda nələr olacaq, bunu tezliklə görəcəyik. Bizə yaxın və həm də bizdən uzaq ölkədə...

Nazim SABİROĞLU, 
Musavat.com  

Seçilən
51
musavat.com

1Mənbələr