AZ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi NATO-nu necə “diriltdi”?

Təxminən 4 il bundan öncə Ukraynanın NATO-ya daxil olacağını bəhanə edərək Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi bütün dünyada yeni bir dönəmin başlanğıcını qoydu. Çağdaş dünya sürətlə silahlanma moduna keçdi ki, bu da sülh və tərəqqi adına bütün digər meyilləri kəskin şəkildə üstələdi.

Rusiyanın Ukraynaya müdaxiləsi sözdə NATO-nun genişlənməsinə qarşı atılan addım kimi təqdim edilsə də, əslində bu müdaxilə aktiv hərbi əməliyyatlardan kənarda qalan, bir növ ətalət dönəmini keçirən NATO-nun mənəvi-psixoloji, idoloji və hərbi baxımdan “dirilməsinə” səbəb oldu.

Rusiyanın Ukraynaya həmləsi hər şeydən öncə rus təhlükəsinin nə qədər real olduğunu, bu təhlükənin Avropanın qapısını aydın bir şəkildə döydüyünü NATO-ya xatırlatdı. Baş verənlər NATO-nu məcbur etdi ki, Rusiyanın mümkün hərbi müdaxiləsinə qarşı praktiki olaraq hazırlıqlı olsun və bu hücumdan müdafiənin hər bir elementini düşünsün.

İkincisi, Rusiyanın Ukraynaya hücumu NATO dövlətləri arasındakı umu-küsüləri, qarşıdurmaları böyük ölçüdə ortadan qaldırdı. Qərb dövlətləri anladı ki, artıq onların qarşısında daha böyük və daha ciddi bir təhlükə mövcuddur və onlar bu təhlükədən yalnız birgə şəkildə qoruna bilərlər.

Üçüncüsü, Rusiyanın Ukraynaya hücumu Rusiya ilə NATO arasındakı hərbi balansın daha real şəkildə müqayisəsinə imkan yaratdı. Bəlli oldu ki, Rusiya öz nəhəng hərbi sənaye potensialı ilə ABŞ istisna olmaqla NATO dövlətlərini üstələyir. Məhz buna görə də Qərb ölkələri hərbi istehsal xərclərini sürətlə artırmağa, bu boşluğu maksimum şəkildə ortadan qaldırmağa başladı.

Dördüncü, Rusiyanın Ukraynaya həmləsi NATO-ya sadəcə rus ordusunun döyüş taktikası və strategiyası haqqında deyil, həm də müasir rus düşüncə tərzi haqqında geniş məlumat almağa, hadisələrin gedişatını daha doğru müəyyənləşdirməyə imkan verdi. Müharibə Rusiyanın bütün güclü və zəif tərəflərini aydın şəkildə üzə çıxardı. Bununla da NATO Rusiya qarşısında ciddi bir üstünlüyə nail oldu.

Beşinci, Ukrayna müharibəsi Avropa məkanındakı bir sıra dövlətə aydın şəkildə başa saldı ki, onlar  Rusiya təhlükəsindən qorunmaq üçün NATO-ya daxil olmalıdırlar. Əks təqdirdə, onların Rusiya qarşısında heç bir şansları yoxdur.

Və nəhayət, Rusiya Ukraynada ağır və uzunmüddətli müharibəyə girməklə özünü həm hərbi, həm də iqtisadi baxımdan tükətdi ki, bu da NATO-nun Rusiya qarşısındakı üstünlüyün artırdı. Verdiyi itkiləri doldurmaq üçün Rusiyaya uzun illər lazım gəldiyini nəzər alsaq, əminliklə demək olar ki, NATO ənənəvi rəqibi qarşısındakı üstünlüyünü daha bir neçə il qoruya biləcək.

Bir sözlə, Rusiyanın NATO-nun genişlənməsinin qarşısını almaq cəhdi faktiki olaraq NATO-nun daha da güclənməsi və genişlənməsinə səbəb olmaqdadır. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya müdaxilənin ağır nəticələrini qarşıdakı illərdə daha aydın hiss edəcək, bu səhvə görə daha ciddi qurbanlar verəcək.

S.Əliyev

Seçilən
16
1
moderator.az

2Mənbələr