ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Ermənistan hərtərəfli yekun sülhə nail olmaq üçün üzərinə götürəcəyi mərhələli öhdəliklərlə bağlı Azərbaycana plan təqdim etməlidir. Həmin planın vaxt qrafikinin olması şərtdir”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib:
Analitik bildirib ki, sözügedən həll planı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş razılıqlar və paraflanmış sülh sənədinin mahiyyətinə uyğun olmalıdır:
“Həmçinin Ermənistan öz ordusunu hücum qabiliyyətli deyil, müdafiə konsepsiyası əsasında məhdud silahlanacağına dair məsuliyyət götürməlidir. Bu məsuliyyətdən irəli gələrək, Azərbaycan Ermənistanın hərbi arsenalının məhdudlaşdırılması tələbini konkretləşdirən sənədi rəsmi İrəvana təqdim edə bilər. Ehtimal ki, belə bir addım Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü təşəbbüs və şərtlərin bir hissəsinin icrası halında mümkünləşəcək.
Digər tərəfdən, Ermənistan Konstitusiyasını dəyişdirməli, ölkənin siyasi sistemində ərazi iddiaları ilə çıxış edən sənədlərə son verməli, partiyaların revanşizmə əsaslanan ideologiyalarının qarşısını almalıdır.
Geosiyasi cəhətdən isə İrəvan ona havadar olan qüvvələrin Bakı əleyhinə müqavimət cəhdlərinə mövqelənməlidir.
Eyni zamanda Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə həyata keçirdiyi monitorinqlər dayandırılmalı, bundan sonra ölkəmizin hərbi mövqelərinin sərhəd boyunca delimitasiya kontekstində irəli çəkilməsinə qarşı manevr edilməməlidir.
Bu, regionda Azərbaycan və onun strateji müttəfiqi Türkiyənin maraqları ilə uyğunluq təşkil etməlidir. Beləliklə İrəvan üzərində Bakı-Ankara müttəfiqliyini hədəf alma cəhdləri aradan qalxar”.
Aqşin Kərimov
A.Kərimov əlavə edib ki, başqa bir məsələ də Ermənistan ərazisində ümumiyyətlə xarici ölkələrin hərbi bazasının olmaması ilə əlaqədardır:
“Bu xüsusda Ermənistan ümumiyyətlə xarici dövlətlərin hərbi bazasının ölkə ərazisində yerləşməyəcəyinə dair təminat verməlidir.
Həmçinin İrəvan Rusiyanın 102-ci bazasının ölkə ərazisini tərk etməsinə nail olarsa, bu, Azərbaycanla əlaqələrdəki müsbət dinamikaları daha da möhkəmləndirəcək. Hərçənd, Ermənistanın Rusiya bazasının çıxarılmasına təşəbbüs göstərməsi çətin və mürəkkəbdir”.
Turan Rzayev
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.