AZ

Şəkidə “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirici aksiya keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Şəki şəhərində yerləşən Alyans klinikasında “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirici aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Aksiya PAŞA Holdinq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutub.

Bu təşəbbüsün əsas məqsədi bölgədə ictimai sağlamlıq biliklərini artırmaq, erkən diaqnozun vacibliyinə diqqət çəkmək və yerli əhaliyə daha əlçatan tibbi xidmətlər təqdim etməkdir.

Saat 10:00-dan 18:00-dək davam edən tədbirə Şəki və ətraf rayonların sakinləri böyük maraq göstəriblər. Tam ödənişsiz tibbi xidmətlər aşağıdakı sahələri əhatə edib:

Qanda şəkər səviyyəsinin və arterial təzyiqin yoxlanılması;

İlkin laborator analizlər;

Terapevt və endokrinoloq müayinələri;

Pediatrik xidmətlər;

USM müayinəsi;

Ginekoloji müayinələr;

Travmatoloji müayinələr;

Oftalmoloji xidmətlər;

Aksiyaya qatılan insanlara fərdi məsləhətlər verilib və sağlamlıqları ilə bağlı müvafiq sahələrə yönləndirmələr edilib.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıqları ilə bağlı tövsiyələr verilib. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunub. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Əlavə olaraq azyaşlı pasiyentlərə rəngləmə kitabçaları və rəngli qələmlər təqdim edilib.

Seçilən
8
4
azertag.az

10Mənbələr