AZ

Azərbaycanın uğurlu siyasəti Qlobal Cənub üçün yeni imkanlar açır

Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. Tarixi Zəfərimizdən üç il sonra Rəşadətli Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Dövlətimizin yaratdığı bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regionda sülhün qurulması üçün yeni əsaslar formalaşdırdı. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycan" qəzetinə açıqlamasında xatırladıb ki, 2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən 5 əsas prinsip Azərbaycan tərəfindən Ermənistana təqdim edilib. Lakin Ermənistan qeyri-səmimiliyi, Bayden-Blinken Administrasiyasının qərəzli mövqeləri sülh müqaviləsinin mətnini razılaşdırmağa imkan verməyib. "Yalnız bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında həqiqi danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı. Bu baxımdan Azərbaycan Prezidentinin ABŞ-yə səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar oldu. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin sammiti keçirildi və bu görüşün nəticəsində Birgə Bəyannamə imzalandı. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflandı və ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalandı. Bu müraciətə uyğun olaraq 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq etdi. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edildi. Bu kontekstdə, Azərbaycan tərəfi sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunub. Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş də təsdiq olunub. V.Rəhimzadə vurğulayıb ki, qalib Azərbaycanın həyata keçirdiyi uğurlu və milli maraqlara əsaslanan siyasət həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Qlobal Cənub üçün tamamilə yeni imkanlar açır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr