AZ

Sığorta sektorunun aktivləri 2,1 mlrd. manatı ötüb - Əliyar Məmmədyarov

Finss.az – Bu gün Şuşada Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov çıxış edib.

Ə.Məmmədyarov bildirib ki, sığorta sektorunda həyata keçirilən islahatlar inkişaf və dayanıqlıq göstəricilərində də özünü göstərib:

"Belə ki, cari ilin 1-ci yarısına münasibətdə sektorun aktivləri son 1 il ərzində 12% artmaqla 2,1 mlrd. manatı ötüb. Sektorun məcmu kapitalı risk kapitalını 2 dəfəyə qədər üstələyib. Gəlirlilik göstəricilərində də artımlar müşahidə olunub. Ümumi mənfəətlilik 2025-ci ilin 1-ci yarısına 80 mln. manatı keçib, aktivlərin gəlirlilik göstəricisi (ROA) 7%, kapitalın gəlirlilik göstəricisi (ROE) isə 25% olub.”

Mərkəzi Bank rəsmisi əlavə edib ki, əldə edilən nailiyyətlərlə yanaşı, qarşıda mühüm prioritetlər və çağırışlar da qalmaqdadır:

"Azərbaycan sığorta sektorunda əldə olunan müsbət göstəricilərə baxmayaraq, qarşıda hələ də bir sıra mühüm prioritet və çağırışlar mövcuddur. Bunlar arasında Solvency II standartlarına uyğun risk əsaslı prudensial tənzimləmənin tamamlanması, aqrar sığorta sisteminin təkmilləşdirilməsi və sığorta vasitəçiliyi institutunun inkişafı xüsusilə önəmlidir. Eyni zamanda, rəqəmsallaşmanın sürətləndirilməsi, istehlakçı hüquqlarının qorunması və dəyişən tələblərə cavab verən könüllü sığorta xidmətlərinin genişləndirilməsi əsas prioritetlər sırasındadır.”

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə keçirilən assambleya türk dünyası sığortaçılarını ilk dəfə geniş tərkibdə bir araya gətirib.

Fuad Mədətov

Finss.az

Seçilən
46
fins.az

1Mənbələr