AZ

Hüseyn Arifin anım günüdür: Seçdiyimiz şeirləri

1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub.

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəmində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arifin adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmir, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.

Şairin zəngin yaradıcılığından seçdiyimiz bir neçə şeiri paylaşırıq.

YAŞA HƏLƏ

Səfərdəyəm ,səfərimi
Vurmamışam başa hələ.
Arzularım ,əməllərim
Toxunmayıb daşa hələ.

Dolanıb kəndi ,şəhəri,
Dağlarda açdım səhəri.
Fikrim gəzir üfiqləri
Dönüb qızıl quşa hələ.

İlləri yola salmışam,
Şeir yazıb,saz çalmışam
Ömür deyir: - Qocalmışam,
Ürək deyir: - Yaşa hələ.

DÜNYA FİKİR DÜNYASIDIR

Heç bilmirəm başımdakı,
Hansı eşqin xülyasıdır.
Əhvalımi kim soruşub,
Halımı kim duyasıdır.

Yarı yolda gəmim durur,
Qəm əridir möhnət yorur.
Ləpə döyür dalğa vurur,
Dərya hicran dünyasıdır.

Gəl qınama heç məni sən,
Başım bulud ayağım çən.
Mənə "fikir çəkmə" deyən,
Dünya fikir dünyasıdır.

SÖYLƏ, YADINDAMI?

Söylə yadındamı o axşam çağı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun

Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən, əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.

Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb havada yandın.
Axır gözlərimlə görüb inandım:
Enməyən mən oldum, enən sən oldun.

ŞEİR DEYİLMİ?

Məndən təzə şeir xəbər alan dost,
Bəs yazın gəlməsi şeir deyilmi?!
Gəzməyə çıxanda – çölün, çəmənin
Üzünə gülməsi şeir deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şeir deyilmi?!

Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şeir deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək, –
Yaşamaq həvəsi şeir deyilmi?!

Kim deyir şeirin meydanı dardır?
Sonu görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var şeir də vardır,-
Həyatın nəfəsi şeir deyilmi?!

ALİM VAR...

Alim var, kosmosa tutub üzünü,
Parlaq ulduzların batır içində.
Alim var, qırx ildir yumub gözünü,
“Poçt qutusu”nun yatır içində.

Alim tanıyıram, qoca Qafqazın
Çeşmə tək durulub dibindən çıxır.
Alim var, sol əli Salman Mümtazın,
Sağ əli Hümbətin cibindən çıxır.

Alim var, görəndə gözlərin gülür,
Deyirsən: - Nə gözəl, nə mehribandır.
Alim var, dinəndə ətin tökülür,
Alim tanıyıram, Allah amanındır!..

VAR MƏNİM

Yığılmır yollardan fikrim, xəyalım,
Görən, bu çöllərdə kimim var mənim?
Sazda Kərəmiyə qoşulan səsim,
Kamanda inləyən simim var mənim.

Kəsilib qapıdan gedib-gələnim,
Yox mətləb qananım, qədir bilənim,
Dumanlar içində yorğun köhlənim,
Tufanlar qoynunda gəmim var mənim.

Hüseyn, nə oldu qönçə niyyətim?
Daşlara toxundu ilk məhəbbətim,
Özgəni güldürən sözüm-söhbətim,
Özümü ağladan qəmim var mənim.

SƏN DƏRSƏ GƏLMƏYƏNDƏ

Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim,
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə…

Durub-durub anardım,
Gizli-gizli yanardım.
Neçə dostun içində
Özümü tək sanardım.
Sən dərsə gəlməyəndə…

Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masanda.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə…

Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti,
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə…

GÖZƏLLƏRƏ

Gözəllər, söyləyin, bu necə işdi,
Qiyməti şöhrətə, ada verdiniz.
Kədəri yaxının üstünə atıb,
Sevinci aparıb yada verdiniz.

Hər saxta gülüşə, hər yalan sözə,
Aldanıb, düşdünüz dolaşıq izə.
Sonralar möhnətlə gəlib üz-üzə,
Ömrü közə tutub, oda verdiniz.

Buza döndü qələm, bozardı kağız,
Arxamı qış kəsdi, qarşımı payız.
Yüzünüz bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz.

XALQSIZ XALQ ŞAİRLƏRİ

Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz
Saray, taxt şairləri.

Biri haqqa daş atar,
Biri kölgədə yatar,
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri.

Biri var, üzdəniraq
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq
Əl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbər
Nə qədərmiş nə qədər
Başsız başa keçənlər
Xalqsız xalq şairləri.

SOYUQ DƏYƏR SƏNƏ

Sonasan, qıymaram gölə,
Göldə soyuq dəyər sənə.
Gül yanında dönmə gülə,
Güldə soyuq dəyər sənə.

Uyma özgə əməlinə,
Qoşulma qıza, gəlinə,
Düşərsən yaman dilinə,
Dildə soyuq dəyər sənə.

Bu nə arzu, bu nə dilək,
Alışıram ürək-ürək.
Tül bədənə tül nə gərək,
Tüldə soyuq dəyər sənə...

Çəkmə darağa telini,
Sıxma kəmərlə belini,
Əldə saxlama əlini,
Əldə soyuq dəyər sənə

Hüseyn Arif, bu nə sirr,
Vədə ötür, vaxt tələsir,
Könlümə köç, külək əsir,
Çöldə soyuq dəyər sənə.

SƏNİ UNUDA BİLMƏRƏM

Ay dolanar, il dolanar
Səni unuda bilmərəm.
Könül yanar, can odlanar
Səni unuda bilmərəm.

Yaz üzülə, payız keçə,
İstər gündüz, istər gecə
Neçə gözəl gəlib keçə
Səni unuda bilmərəm.

Gözün saxladı sözümü,
Gözün ovladı gözümü
Unutmayınca özümü
Səni unuda bilmərəm....
Seçilən
15
2
azvision.az

3Mənbələr