AZ

Gələn ay quru sərhədlər açıla bilərmi?

Məlum olduğu Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 oktyabr saat 06:00-dək uzadılıb. Yəni təxminən 2 həftə sonra karantin rejimi bitir. Bəs yenidən xüsusi karantin rejiminin müddətinin uzadılması gözlənilirmi? Və yaxud həmin tarixdən sonra quru sərhədlər açıla bilərmi?

Onu da xatırladaq ki, 2020-ci ildən tətbiq edilən karantin rejimi çərçivəsində quru sərhədlər bağlanıb. Rəsmilər quru sərhədlərinin bağlı qalmasını təhlükəsizlik məsələləri ilə əlaqələndirir.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Xüsusi karantin rejiminin qalması və sərhəd keçid məntəqələrinin bağlı olması Azərbaycanın beynəlxalq imicinə həddindən artıq mənfi təsir göstərir. Çünki Azərbaycan doğrudan da dünyada ən təhlükəsiz ölkələrdən biridir. Sərhəd keçid məntəqələrinin bağlı olması və karantin rejiminin uzadılması ölkə üçün kifayət qədər ciddi problemlər yaradır, xüsusilə turizmin inkişafına mənfi təsir göstərir.

Çünki Azərbaycanın ən prioritet sahələrindən biri turizmdir. Ölkəmizin çox böyük potensialı var. Xüsusilə ərazi bütövlüyümüzün bərpa olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurun böyük turizm potensialının reallaşdırılmasına indidən çalışmalıyıq. Bu baxımdan sərhəd keçid məntəqələrinin bağlı olması və karantin rejiminin uzadılması inandırıcı deyil.

Artıq dünyada belə bir ölkə yoxdur ki, pandemiyaya görə karantin rejimini uzatsın. Həm də bu, ölkənin imicinə xələl gətirir.

Ona görə ümid edirəm ki, bu məsələ artıq sonlandırılacaq və nəhayət Azərbaycanda heç kimin ciddi qəbul etmədiyi pandemiya ilə bağlı karantin rejimi ləğv ediləcək”.

Seçilən
25
3
editor.az

4Mənbələr