ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar Azərbaycanda təhsil müəssisələrində dərslərin ənənəvi olaraq saat 08:30–09:00-da deyil, 1–2 saat gec başlaması ilə bağlı təkliflər müzakirə olunur. Bu məsələ xüsusilə paytaxt Bakıda daha aktualdır, çünki səhər saatlarında həm məktəblilərin, həm də işə gedənlərin eyni vaxtda yola çıxması şəhərdə uzun tıxacların yaranmasına səbəb olur. Təklifin müəllifləri hesab edirlər ki, dərslərin bir qədər gec başlaması ictimai nəqliyyata düşən yükü azaldar, səhər pik saatlarında təzyiqi yumşaldar və nəticədə şəhərdaxili hərəkət daha rahat olar.Bununla yanaşı, məsələ təkcə nəqliyyatla məhdudlaşmır. Pedaqoqlar və psixoloqlar bildirirlər ki, şagirdlərin yuxu rejimi, psixoloji hazırlığı və gün ərzində dərs prosesinə uyğunlaşması baxımından dərslərin daha gec başlaması müsbət təsir göstərə bilər. Əksər şagirdlər xüsusilə paytaxtda uzaq məsafədən məktəbə gəlməli olur, buna görə səhər çox erkən qalxmaq məcburiyyətində qalırlar. Bu isə onların həm fiziki, həm də zehni yorğunluğunu artırır.Mütəxəssislərin fikrincə, dərslərin 09:30–10:00-da başlaması şagirdlərə tam yuxusunu almaq, daha rahat səhər hazırlığı görmək imkanı yaradacaq. Bu, həmçinin dərslərin keyfiyyətinə də müsbət təsir edə bilər: yuxusunu yaxşı alan uşaq daha diqqətli olur, dərsləri asan qavrayır və gün ərzində enerjisini daha balanslı şəkildə sərf edir.Beynəlxalq təcrübəyə baxdıqda, bir sıra Avropa ölkələrində və ABŞ-da artıq məktəblərin dərs saatlarının dəyişdirilməsi ilə bağlı pilot layihələr həyata keçirilib. Aparılan araşdırmalar göstərib ki, dərslərin bir qədər gec başlaması nəticəsində şagirdlərin akademik göstəriciləri yüksəlib, stress və gərginlik azalıb. Məsələn, ABŞ-ın bəzi ştatlarında orta məktəblərdə dərslərin başlanma saatı rəsmi olaraq 08:30-dan 09:00-a keçirilib və nəticələr müsbət olub.Lakin məsələnin digər tərəfi də mövcuddur. Əgər dərslər daha gec başlayarsa, bu, tədris prosesinin axşam saatlarına qədər uzanmasına, valideynlərin iş-gücləri ilə məktəb qrafiklərinin uyğunlaşmamasına səbəb ola bilər. Bundan əlavə, kənd rayonlarında yaşayan və səhər tezdən dərsə öyrəşmiş şagirdlər üçün belə dəyişiklik zəruri görünməyə bilər.Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb:"Paytaxt Bakıda hər gün yarım milyondan çox şagird dərsə gedir, 300 min nəfərdən çox işçi heyət də tədris prosesinə qoşulur. Səhər saatlarında eyni vaxtda yüz minlərlə insanın yola çıxması şəhərdə tıxac probleminin əsas səbəblərindən biridir. Dərslərin başlanmasının gecikdirilməsi bu yükün müəyyən qədər azaldılmasına və ictimai nəqliyyatın pik saatlarda daha balanslı işləməsinə şərait yarada bilər. Psixoloji və pedaqoji baxımdan bu addımın təsiri daha dərindir. Şagirdlərin xüsusilə yeniyetmə yaşlarında yuxu rejimi daha həssas olur. Onların əksəriyyəti səhər saat 06:30–07:00-da oyanmaq məcburiyyətində qalır və bu, həm fiziki yorğunluq, həm də dərs zamanı diqqət zəifliyi ilə nəticələnir. Dərslərin bir qədər gec başlaması onların daha rahat yuxu rejimi qazanmasına, məktəbə adaptasiyasına və tədris keyfiyyətinə müsbət təsir göstərə bilər. Təhsil prosesində keyfiyyət yalnız müəllimin bilik və metodikası ilə deyil, həm də şagirdin psixoloji hazır vəziyyəti ilə ölçülür. Daha yuxulu və yorğun şagirdin dərsə davamiyyəti formal olsa da, öyrənmə səmərəliliyi aşağı olur. Bu baxımdan, dərsin vaxtının dəyişdirilməsi təhsil nəticələrinin yüksəlməsinə xidmət edə bilər".Ekspert qeyd edib ki, bununla yanaşı, mənfi tərəfləri də nəzərə almaq lazımdır:"Dərslərin daha gec başlaması, xüsusilə çoxnövbəli məktəblərdə ikinci növbənin dərslərinin axşam saatlarına qədər uzanmasına səbəb ola bilər. Bu isə həm müəllimlər, həm də valideynlər üçün əlavə çətinliklər yaradar. Valideynlərin iş qrafiki ilə məktəb qrafiki arasında uyğunsuzluqlar yarana bilər. Eyni zamanda, qış aylarında dərslərin gec bitməsi işıqlandırma və istilik xərclərinin artmasına, əlavə maliyyə yükünün yaranmasına gətirib çıxara bilər. Bu məsələdə balans tapmaq üçün məktəblərdə fərqli siniflər üzrə diferensial yanaşmalar tətbiq oluna bilər: ibtidai siniflər ənənəvi saatda başlaya, yuxu rejiminə daha çox ehtiyacı olan yeniyetmələrin dərsləri isə bir qədər gec başlaya bilər.Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə dərslərin gec başlaması tədris keyfiyyətinə müsbət təsir edib. ABŞ-ın bəzi ştatlarında məktəblər qanunvericilik səviyyəsində dərslərin 08:30-dan tez başlamamasını tətbiq ediblər. Almaniyada və Skandinaviya ölkələrində də şagirdlərin yuxu və psixoloji sağlamlığı nəzərə alınaraq oxşar təcrübələr həyata keçirilib. Bu ölkələrin təcrübəsi sübut edir ki, dəyişikliklər yalnız təhsil nəticələrini deyil, həm də ictimai sağlamlıq və sosial rifah göstəricilərini yaxşılaşdırır.Maddi və maliyyə baxımından məsələyə yanaşanda görürük ki, nəqliyyatda tıxacların azalması həm ictimai nəqliyyatın, həm də fərdi avtomobil istifadəçilərinin xərclərinə qənaət deməkdir. Yanacaq sərfiyyatının azalması, işə gecikmələrin qarşısının alınması həm dövlət, həm də ailə büdcəsinə müsbət təsir göstərir. Digər tərəfdən, məktəblərin işıq, istilik və digər kommunal xərcləri artarsa, bu, dövlət büdcəsində əlavə yük yarada bilər. Buna görə də qərar qəbul edilərkən maliyyə balansı diqqətlə hesablanmalıdır.Hesab edirəm ki, dərslərin gec başlaması ideyası yalnız nəqliyyat yükünün azaldılması üçün deyil, həm də şagirdlərin sağlam yuxu rejimi, psixoloji stabilliyi və tədris keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu addım Elm və Təhsil Nazirliyinin təhsilin keyfiyyətinə və şagirdlərin rifahına yönəlmiş islahat xəttinə uyğunluq təşkil edir. Nazirliyin belə təkliflərə açıq olması və ictimai müzakirəyə çıxarması müsbət yanaşmadır və islahatların cəmiyyətlə birgə aparılmasına nümunədir. Dəyişikliyin uğurla həyata keçirilməsi üçün isə paytaxt və regionların fərqli şəraitləri nəzərə alınmalı, diferensial yanaşma tətbiq olunmalı, pilot layihələr həyata keçirilməli və valideynlərlə işə xüsusi önəm verilməlidir. Beləliklə, dərslərin başlanma vaxtı ilə bağlı bu müzakirə yalnız texniki məsələ deyil, həm də təhsilin keyfiyyətinə, şəhər infrastrukturuna, psixoloji rifaha və sosial balanslara birbaşa təsir edən strateji bir qərardır".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.