II Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi suverenliyini bərpa etsə də, milli-ideoloji suverenliyin qorunması məsələsində ciddi boşluqlar qalmaqdadır. Milli dəyərlərimiz, ideoloji sərhədlərimiz işğala məruz qalır, tapdalanır və hər gün müxtəlif cəbhələrdən sarsıdıcı zərbələr alır. Cavab atəşı varmı? Yoxdur! Müdafiə sistemi qurulubmu? Qurulmayıb! Bir müddət sonra bu dəyərlər tamamilə eroziyaya uğrasa, bu zaman coğrafi suverenlik də öz tarixi əhəmiyyətini itirməli olacaq.
Əldə etdiyim başqa bir məlumata görə, E.Nəsirli radikal dini təriqətin üzvüdür, Şah haqqında danışdıqlarını da təriqətçi əcnəbi tarixçilərin kitablarından oxuyub. O, bütün bunları da məhz dini inancına görə edir. Müsahibə verdiyi sosial şəbəkə kanallarının radikal dindarlara məxsus olması da təsadüf deyil.
Hesab edirəm ki, mərkəzləşdirilmiş Azərbaycanın - Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətayinin nəhəng tarixi şəxsiyyət və düha olması heç bir halda mübahisələndirilə bilməz. Dünya tarixinin ən qüdrətli imperiyalarından birini yaradan Ş.İsmayıl Xətayi haqqında tarixçilər daha ətraflı danışmalı və müxtəlif xarici ölkələrin radikal mərkəzlərinin tezislərinin əsas daşıyıcılarından birinə çevrilən E.Nəsirlinin cavabını verməlidirlər.
Görəsən, ixtisasca tarixçi olan, professor, ADPU-nun rektoru Cəfər Cəfərov bu haqda nə düşünür? Ümumiyyətlə, o, bilirmi ki, əməkdaşı E.Nəsirli hər həftə radikal təriqət üzvlərinə məxsus kanallarda Azərbaycan tarixinin məhək daşı - Şah İsmayıl Xətayi haqqında tamamilə saxta məlumatlar tirajlayır.
Qeyd edim ki, Prezident İlham Əliyev Şah İsmayıl Xətayiyə hər dəfə yüksək qiymət verib, onun dövlətçilik, mədəniyyət və ədəbiyyat sahəsindəki müstəsna xidmətlərini göstərib və irsinin qorunmasının vacibliyini tez-tez vurğulayıb. İ.Əliyev II Qarabağ müharibəsindən bir qədər öncə, 2020-ci ilin mart ayında Şah İsmayıl Xətayinin abidəsini ziyarət edib. Ondan əvvəl - 2018-ci ildə İlham Əliyev, xanımı Mehriban Əliyeva İtaliya prezidenti Sercio Mattarella ilə birlikdə Şah İsmayıl Xətayinin sərgisinin açılışında iştirak ediblər. Bu, Azərbaycanın parlaq və böyük tarixinin təqdimatı idi.
Azərbaycan Respublikasında Şah İsmayıl Xətayinin adına;
- Orden var (Ali hərbi orden)
- Metro var (Xətayi metrosu)
- Rayon var (Xətayi rayonu)
- Prospekt var (Xətayi prospekti)
- Ölkənin iri şəhərlərində heykəlləri var
- Dərsliklərdə tariximizin ən qürurverici səhifələrindən biri kimi tədris olunur
- Kitabxanalar, məktəblər, mərkəzlər var və s.
Azərbaycan tarixindən Ş.İsmayıl Xətayini silsək, tariximiz olduqca kasıb və boz görünər.
E.Nəsirlinin çıxışlarından belə görünür ki, o, və fikirdaşları Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmaməddədin Nəsiminin və Seyyid Əzim Şirvaninin də ləkələnməsində, onların tariximizdən, ədəbiyyatımızdan silinməsində maraqlıdırlar. Məsləhət görürəm, bu adamı siz də izləyin, o zaman səbəblərini aydın görəcəksiniz. Çünki E.Nəsirli hesab edir ki, bu adamların hər biri Peyğəmbər və onun əhli-beytinin şəninə əsərlər, şeirlər həsr ediblər. Xüsusilə, Füzuliyə nifrət edirlər. Yaxşı, o zaman gəlin, bu dühaları da ədəbiyyatmızdan silək! Bəs, yerdə nə qalır?
Bütün bu hədəflənən koordinatlar göstərir ki, onların hədəfi tarixi kimliyimizi silmək və ölkədə şəriət qaydalarına uyğun sistem qurmaqdır. Azərbaycan dövləti 300 illik ədalətsizliyi aradan qaldırıb, ölkədə heç vaxt dini zəmində qərarlar qəbul edilməyib, tolerantlıq əsas meyar kimi önə çəkilib. Lakin son zamanlar radikal təfəkkürlü şəxslərin geniş meydan qazanması heç də yaxşı proseslər vəd etmir.
Samir Feyruzov