AZ

“Ağlın gücü ilə idarəetmə: Çin yeni texnoloji inqilabın astanasında“ “Wired Magazine“ (ABŞ)

ain.az, Moderator.az saytına istinadən bildirir.

"Pekin beş il ərzində "beyin-kompüter" interfeysləri üzrə dünya lideri olmağı hədəfləyir..."

Çin süni intellekt, kosmos yarışı və kvant texnologiyalarından sonra indi də "insan beyninin gücünü texnologiyaya çevirmək" istiqamətində qlobal yarışa qoşulur.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Wired Magazine" nəşri yazıb.

Nəşr qeyd edir ki, Pekin 2027-ci ilə qədər "beyin-kompüter" interfeysləri sahəsində texnoloji sıçrayışa nail olmağı, 2030-cu ilə qədər isə dünya səviyyəsində rəqabətədavamlı sənaye qurmağı planlaşdırır. Bu, sadəcə bir elmi layihə deyil, həm də ABŞ-la strateji rəqabətin yeni meydanı ola bilər.

Bu interfeyslər insan beynindən gələn neyron siqnallarını qəbul edib onları əmrlərə çevirir. Nəticədə düşüncə ilə kursor idarə etmək, robot qolu hərəkət etdirmək, hətta danışmaq qabiliyyətini itirənlər üçün sözləri kodlaşdırmaq mümkün olur. Artıq Çində iflic olmuş pasiyentlər üzərində aparılan uğurlu sınaqlar bu sahənin real potensialını göstərib.

Çin və ABŞ: rəqabətin yeni mərhələsi

Bu sahədə uzun illərdir ABŞ-ın "Neuralink", "Synchron" və digər startapları ön sırada olub. Lakin Çin indi sürətlə yetişir. Dövlətin hazırladığı yeni proqram sənədi yalnız texnoloji tərəqqini deyil, həm də geniş sənaye infrastrukturunu nəzərdə tutur. Yeddi nazirlik və elmi qurumun birgə hazırladığı bu strategiya çiplərin təkmilləşdirilməsindən istehsal güclərinin yaradılmasına qədər bütün mərhələləri əhatə edir.

Ekspertlər bildirir ki, Çin fundamental elmi nailiyyətləri praktikaya çevirməkdə mahirdir. Günəş enerjisi və elektrikli avtomobillərdə olduğu kimi, "beyin-kompüter" sahəsində də Pekin istehsalı sürətləndirərək qlobal bazarda üstünlük qazana bilər. Bu isə ABŞ-la texnoloji rəqabəti daha da kəskinləşdirəcək.

Səhiyyədən gündəlik həyata

İMK texnologiyasının ən böyük vədlərindən biri tibbi reabilitasiyadır. İflicli insanların düşüncə ilə kompüter və cihazlara nəzarəti onların həyat keyfiyyətini radikal şəkildə dəyişə bilər. Ancaq Çin bununla kifayətlənmir: konsepsiyada sürücülərin yuxululuğunu aşkar edən cihazlar, istehsalatda təhlükəsizlik siqnalları, hətta gündəlik istifadə üçün düşüncə ilə işləyən smartfonlar nəzərdə tutulur.

Bundan əlavə, qeyri-invaziv qurğular - başa, qulağa və ya eynəyə taxılan sistemlər geniş kütləyə yönələcək. Bu cür texnologiyalar iş yerlərində təhlükəsizlik nəzarəti üçün də, məsələn, qaz sızması, oksigen azalması və ya işçinin qəfil huşunu itirməsi hallarında xəbərdarlıq siqnalı vermək üçün istifadə edilə bilər.

Potensial və risklər

Çinin sürətli irəliləyişi həm həyəcan, həm də suallar doğurur. Beynin izlənməsi şəxsi azadlıqlar, məxfilik və hətta dövlət nəzarətinin güclənməsi ilə bağlı narahatlıqları artırır. Hərçənd Pekin etik normalar hazırlayıb, amma kiberhücum riski və məlumatların sui-istifadəsi ehtimalı qalır.

Bununla belə, ekspertlərin fikrincə, ən azı bir işlək "beyin-kompüter" sistemi 2027-ci ilə qədər təsdiqlənəcək. Əgər bu baş verərsə, Çin təkcə texnoloji üstünlük qazanmayacaq, həm də qlobal güc balansında yeni meydan açacaq. ABŞ və Çin arasında başlayan bu "beyin texnologiyaları yarışı" XXI əsrin ən mühüm geosiyasi qarşıdurmalarından birinə çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
moderator.az

2Mənbələr