Azərbaycanda zəlzələ risklərinə dair sığorta modelinin test mərhələsindədir.
FED.az xəbər verir ki, bu baradə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda zəlzələ üzrə sığorta mexanizminin qurulması üçün zəlzələ xəritələrinin və risk modellərinin mövcudluğu vacibdir:
“Bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq edirik. Türkiyədə artıq tətbiq olunan modelləmə əsasında Azərbaycan üçün xüsusi model hazırlanıb. Hazırda bu model test mühitində izlənilir. Model Azərbaycan üzrə baş verəcək hər hansı zəlzələ riskinin iqtisadi və maddi təsirlərini ölçməyə imkan verəcək və həm dövlət, həm də sığorta şirkətləri üçün riskin daha düzgün qiymətləndirilməsini təmin edəcək”.
Türkiyə Sığorta Birliyinin sədri Uğur Gülən isə jurnalistlərə bildirib ki, Türkiyə Azərbaycanla zəlzələ sığortası və digər sığorta sahələrində təcrübə mübadiləsi aparacaq və əməkdaşlıq edəcək.
O bildirib ki, Türkiyə sığorta sektoru digər üzv ölkələrə nisbətən daha böyük həcmə malikdir:
“Hazırda Türkiyə sığorta sektoru 24–25 trilyon ABŞ dolları həcmində sığorta təminatı ilə 1,2 trilyon ABŞ dollarlıq iqtisadi fəaliyyəti əhatə edir və 2025-ci ilin sonunda sığorta haqların həcmi 30 milyard dollara çatacağı gözlənilir”.
U. Gülən əlavə edib ki, zəlzələ və kənd təsərrüfatı havuzları vasitəsilə əldə olunan təcrübənin Azərbaycan da daxil olmaqla digər Türk dövlətləri ilə paylaşılması böyük şərəfdir və bu gələcəkdə sığorta sahəsində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq (Report).