AZ

Ayxan Abbasovun uğuruna kölgə salan həmkarları kimlərdir?

İllərdi Azərbaycan millisində yerli mütəxəssisin çalışmalı olduğunu deyirik.

Tale elə gətirdi ki, İslandiya faciəsi bu istəyimizi gerçəyə çevirdi.

0:5 hesablı darmadağından sonra Fernandu Santuşla yolları ayırmalı olan AFFA boşalan postu U-21 millimizin çalışdırıcısı Ayxan Abbasova tapşırdı.

Normalda baş məşqçi gedirsə, yerinə müvəqqəti olaraq köməkçisi keçir.

Santuşdan sonra da yanında olan yerli məşqçi Rəşad Eyyub Ukrayna ilə görüşə komandanı hazırlamaq tapşırığı ala bilərdi. Yaxşı ki, belə olmadı. Məşqçi kimi nəyinki uğuru, ciddi təcrübəsi olmayan biri bu cür məsuliyyətli vəzifənin yükünü daşıya bilməzdi.

Federasiya yerində və doğru qərar verərək Abbasova güvəndi.

Təcrübəli çalışdırıcı da qısa müddətdə ümidləri artıqlaması ilə doğrultdu.

Gözləntimiz məğlub olsaq belə sona qədər mübarizə aparmaq, döyüşmək idi.

Ayxan Abbasov toxunuşları ilə hətta güclü rəqibindən xal qopara bildi.

Onun uğuruna hər kəs sevinməlidir. Ələlxüsus da öz kolleqaları.

Axı ölkə futboluna cavabdeh olan şəxslərin nədənsə azərbaycanlı məşqçilərə güvəni yoxdur.

O inamı isə məhz ələ düşən bu cür kiçik fürsətlərdə qaytarmaq/bərpa etmək lazımdır.

Təəssüf ki, Abbasovun uğuruna sevinənlər kimi, kölgə salmaq cəhdləri edən həmkarları da az deyil.

Əsas arqumentləri isə "niyə 3 yerdə çalışır, ölkədə başqa məşqçi yoxdurmu?" kimi cılız suallarda gizlənir.

Əvvəla adam üç yerdə də işini vicdanla görürsə, bunu yalnız təqdir etmək lazımdır. Daha kişiyə yaraşmayan dedi-qodu, deyinmək nəyə lazımdır?

Digər tərəfdən axı bu durum müvəqqətidir.

Abbasov əsas millidə qalacaqsa, təbii ki, digər iki işindən ən azı birini itirəcək.

İki yerdə çalışmaq təcrübəsi isə nə bizim ölkə, nə də dünya futboluna yad deyil.

Xəbislik hissini kənara atmaq lazımdır.

Unutmayaq ki, bu gün Ayxan Abbasov uğurlu olması ilə həm də həmkarlarına bir cığır açmış olur.

XANOĞLAN İMANOV

Seçilən
19
sportinfo.az

1Mənbələr