Misli Premyer Liqasının IV turunda "Neftçi" evdə "Sabah" ilə 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bölüşüb:
"Bizim dilimizi kəsən məqam nəticədir. Daha da yaxşı olacağıq. Bu gün komandamdan məmnun qaldım. Meydanda bir komandada var idi - o da meydan sahibi. Boş qapılar, təkbətəklər. Bizi qınayırlar ki, niyə çox vəziyyətiniz olmur. Biz yeni qurulan komandayıq, "Sabah"a qarşı neçə vəziyyət yarada bilərik ki? Belə davam eləsinlər, yaxşı oyunun sonunda nəticələr də gələcək".
S.Abasov hücumçu transferi ilə bağlı ünvanlanan suala belə cavab verib:
"Siz istədiyiniz hücumçunu gətirmək Azərbaycan reallığında çox çətindir. Neçə oyunçu ilə danışdıq, lakin alınmadı. Əlacımız azad agentlərə qalıb. Yayın əvvəlində onlarla masaya otura bilməzdik. İndi isə şans yarana bilər".