Azertag saytına istinadən ain.az xəbər verir.
Kişineu, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Moldova Azərbaycanlıları Konqresinin bazar günü məktəbi öz qapılarını yenidən şagirdlərinin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, artıq dördüncü ildir fəaliyyət göstərən məktəbin ilk açıq dərsi Kişineu və Benderdə iyirmiyə yaxın şagirdin iştirakı ilə keçirilib.
Tədbiri açan məktəbin müəllimi Səidə Səfərova qeyd edib ki, Moldova Azərbaycanlıları Konqresinin bazar günü məktəbi təkcə dərs və dərslik deyil, həm də uşaqların öz doğma kökləri ilə əlaqə saxladıqları, öz xalqlarının dilini, tarixini, adət-ənənələrini öyrəndikləri, dostlar və həmfikirlər tapdıqları isti məkandır.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Moldova Respublikası Parlamentinin deputatı, Moldova-Azərbaycan Dostluq Qrupunun sədri Vitali Jakot çıxışlarında uşaqlara təhsillərində uğurlar arzulayıblar. Yeni nəslin öz milli varlığını qoruyub saxlamasının, öz kökləri ilə fəxr etməyi öyrənməsinin vacibliyini vurğulayıblar.
Bu il şagirdlər üçün ana dili, Azərbaycanın tarixi və mədəniyyəti üzrə dərslər, yaradıcılıq və inkişaf etdirmə fəaliyyətlərini özündə əks etdirən zəngin proqram hazırlanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.