AZ

"Millinin yeni baş məşqçisinin kim olacağı mənə təsir etməyəcək" - Ayxan Abbasov

"Şamaxı" Misli premyer-liqasının 4-cü turu çərçivəsində evdə "Karvan-Yevlax"ı darmadağın etdi - 3:0.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidi. İşimizin öhdəsindən gəldik. "Karvan-Yevlax"ın əvvəlki oyunlarına baxmışdıq. Çox yaxşı mübarizə aparıblar. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldı ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çox oldu. Burda qazanan milli komanda olacaq. Çempionat daha da gərginləşir. Növbəti oyunlara hazırlaşacağıq.

- Gənc oyunçuların performansı sizi qane etdi?
- Hazırda onlardan yüz faiz razı deyilik. Emil Süleymanov artıq bizim əsas oyunçumuzdu. Oruc Məmmədov da formasını bərpa edib. Həm millidə, həm də klubda yaxşı oynadı. Rüfət Abbasov daim əsas heyətdə çıxış edir. Edqar Adilxanov əməliyyat olunacaq. Təxminən üç həftə bizimlə olmayacaq. Milli komandada zədələnib. Sənan Muradlı 2006-cı il təvəllüdlüdü. Gələcəyi hələ qarşıdadı. Nihat Mehralıyev premyer-liqada ilk oyununu keçirdi. Hər birinə vaxt lazımdı. İnanıram ki, gələcəkdə hamısı bizə xeyir verəcək.

- Qarşıda millinin Fransa ilə oyunu var. Bu, "Şamaxı"dakı işinizə təsir edəcək?
- Bu suala cavab verə bilmərəm. Çünki mən U-21 millisinin baş məşqçisiyəm. Bir oyunda əsas milliyə kömək etdim. Hazırda bütün fikrim "Şamaxı" və U-21 yığmamızın qarşıdakı iki oyunundadı.

- Təklif olsa, əsas millidəki işinizə davam edəcəksiz?
- Bu təklif müzakirə olunmalıdı. Çox mövzu var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Federasiyanın ətraflı düşünmək üçün vaxtı var. Düzgün qərar verilməlidi. Yeni baş məşqçi təkcə bu oyunları yox, gələn ili də düşünməlidi. Ciddi mövzudu. Biz federasiyasının məşqçisiyik. Ehtiyac varsa, canla-başla hazırıq. Mənə inanırlarsa, fikir mübadiləsi aparmaq olar.

- Fernandu Santuşun qarşısına AÇ-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Sizcə, bunu bacarmaq mümkündü?
- Millimizdə potensial var. Hər şey püşkdən, sistemdən asılıdı. Bu gün bizim futbolçular "Qarabağ"la Çempionlar Liqasında iştirak edir. İnanmaq lazımdı. Bu, bir günün işi deyil. Bir sistemlə çalışsaq, nələrəsə nail olmaq olar. Deyə bilərlər ki, sizin U-21 milliniz də 0:5 uduzub. Amma oyuna baxmaq lazımdı. Futbolçular Portuqaliyaya qarşı çəkinmədən mübarizə apardı. Böyükhesablı məğlubiyyətlər də ola bilər. Moldova Norveçə 1:11 hesabı ilə məğlub olur. Türkiyənin İspaniya ilə matçını (0:6) gördük. Heç kim bundan sığortalanmayıb. Biz onlardan böyük komanda deyilik ki.

- Milli üçün baş məşqçi postuna əcnəbi namizədlərin adları hallanır. Bu, sizə necə təsir edir?
- Ora köklənməmişəm. İlk növbədə inam lazımdı. Ukrayna ilə oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Amma köməkçilərim, futbolçular çox böyük iş gördü. Millinin yeni baş məşqçisinin kim olacağı mənə təsir etməyəcək. Çünki mənim işim var.

Seçilən
6
9
football-plus.az

10Mənbələr