AZ

Otağına cangüdənlə gedən, pilləkəndə ayaqqabı geydirilən aparıcılar... 

Aparıcı Amil Xəlilin “Yeni Sabah”a müsahibəsini təqdim edirik:

-  Amil bəy, müğənnilər kimi bahalı həyatı olan aparıcılar da var, onlar bu imkanı sadəcə maaşla əldə edib?

- Bu yaxınlarda həmkarlarımızdan biri açıqladı: “Mən 2000 manata dayə axtarıram.” Təsəvvür edin, bu nə deməkdir. Hətta aparıcıların belə çıxışları olub – 2000 manata dayə, amma 130 minlik maşın sürürlər. Sual yaranır: bəs bu bahalı maşınları necə əldə edirlər? Çünki müxtəlif yollarla qazanc əldə edirlər. Qızılların nümayişi onlar üçün böyük reytinqdir. Amma tamaşaçılara elə təqdim olunur ki, guya hamının imkanı var. Reallıqda isə yalnız 2-3 imkanlı toydan başqa heç bir yerə buraxılmırlar. Toyuqlu pizza

 - Bəs aparıcıların müğənnilərin evinə qonaq gedib hər bir bucağı efirdə göstərməyinə münasibətiniz necədir?

- Konkret olaraq tamaşaçıya bu acığı vermək olmaz. Hamının evində o imkanlar yoxdur, yalnız bəzilərində var. Gənc qız müğənnilər çıxıb qızıllarını, zinətlərini göstərirlər, hara getdiklərini “Instagram”da paylaşırlar. Az qala ayaqyolunda şəkil çəkdirib yazırlar ki, mən İtaliyada filan otelin ayaqyolundayam. Buna baxan yeni gəlinlər, imkanı zəif olan qadınlar isə başlayırlar ərlərinə dava eləməyə, mən də istəyirəm, İtaliya lazım deyil, amma Quba istəyirəm, Lənkəran istəyirəm. Ər isə cavab verir ki, fəhlə adamam, səni hara aparım? Qadın da deyir, aparmırsansa, qoy girim “TikTok”-a, aparanı tapım. Bu da çıxır müğənnilərin davranışından – gənc müğənnilər öz həyatlarını bu cür təqdim etdikcə, insanlar da təsirlənir və tələb etməyə başlayır. Ona görə də mən tərəfdarıyam ki, belə şeylər göstərilməsin. Əgər aparıcı hansısa müğənninin evinə gedirsə, sadəcə iş otağını, fəaliyyətini çəksin, evin hər guşəsini yox. Televizorun altlığından, soyuducunun qiymətindən soruşmaq olmaz.

 - Bu halla qarşılaşmısınızmı?

- Bir verilişdə gənc müğənnidən televizor altlığının qiymətini soruşdular, o da “1500 manata almışam” dedi. Mənim evimdə isə 500 manatlıq vardı. O an yaxşı ki, tək idim. Əgər ailəmlə baxsaydım, bəlkə də mübahisə düşəcəkdi: “Görürsən, camaat 1500 manata alır, sən 500 manatlığa qalmısan”. Yəni, bu düzgün deyil, qəti şəkildə tənqid edirəm”.

- Əksər ifaçılar, sənət adamları öz əməllərinə bəraət qazandırır. Bu onların tənqidə dözümlü olmamağına nümunədir?

- Müğənnilər özləri şərait yaradır, sonra da tənqidə cavab olaraq deyirlər: “Yaxşı eləyirik, heç kimə qalmayıb”. Amma bu “heç kim” – elə camaatın özü, bizik. Burada başqa millət yaşamır. Ona görə də belə nümayişlər olmamalıdır. Çünki birinin imkanı var, digərinin yoxdur. İmkanı olmayanlar məcbur olub başqa addımlar atır – həm qadın, həm də kişi. Bu isə ailələrə mənfi təsir göstərir. Şüuraltı olaraq televiziya da, sosial media da beynimizə təsir edir. Ona görə də aparıcılar da, müğənnilər də məsuliyyətli olmalıdır.

- Yüksək qiymətə yarım yaxud 1 saat toy aparan məşhurlar var. Niyə bu qədər baha çıxış edirlər?

- 15, hətta 20 minə toya gedənlər var. Halbuki mən onlara heç 1000 manat belə vermərəm. Həmin müğənniləri görən aparıcılar onlara xüsusi olaraq yaxınlaşırlar. Çünki müğənni istəyir ki, əlçatmaz olsun. Bir neçə aparıcı var ki, ona da heç bir şikayətçi yaxınlaşa bilməz. Amma buna baxmayaraq, hörməti var. Cangüdən ilə otağa daxil olan aparıcılar da var. Elə qadınlar var ki, ayaqqabısını pilləkəndə geyindirirlər. Özləri buna şərait yaradırlar ki, əlçatmaz hesab olunsunlar.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr