AZ

"İlk turlarda bir qədər həyəcan var idi" - "Xankəndi"nin yarımmüdafiəçisi

Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan "Xankəndi" debütant olmasına baxmayaraq, çempionata əla başlayıb. Türkiyəli mütəxəssis İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda ilk turda "Dİnamo"nu 4 cavabsız qolla məğlub etmişdisə, bazar günü "Quba"ya eyni aqibəti yaşatdı. 

Qarabağ təmsilçisinin gənc yarımmüdafiəçisi Adəm Topalov Fanat.Az-a açıqlamasında uğurlu startla bağlı fikirlərini bölüşüb:

"Ardıcıl iki oyunda da 4:0 hesablı qələbə qazandıq. Kənardan elə görünə bilər ki, asan qalibiyyət əldə etmişik. Ancaq bu, belə deyil. Rəqiblərimiz də elə bizim qədər qələbə qazanmağa çalışırlar. Sadəcə, komandamız daha təcrübəli oyunçulardan qurulduğuna, xüsusilə ön xəttimizdə vuran ayağı olan futbolçular yer aldığına görə ələ düşən imkanları qola çevirə, üstünlük əldə edə bilirik. İrəlidə çoxlu oyunlarımız olacaq. Rahatlaşmaq olmaz. Baş məşqçimiz bunu dönə-dönə tapşırıq. Oyundan-oyuna daha yaxşı yaxşı performans göstərməyə çalışacağıq. Özümə gəlincə, "Xankəndi"nin ən gənc oyunçusuyam. Sağ olsun, çalışdırıcı mənə şans verir. Onun etimadını doğrultmağa çalışıram. Düzdür, ilk turlarda bir qədər həyəcan var idi. Tədricən o hissi kənara qoyub daha yaxşı oynamağa, komandama faydalı olmağa, təcrübəli futbolçularımızdan öyrənməyə çalışacağam".

Qeyd edək ki, "Xankəndi" 3-cü turda "Ağstafa Gəncləri"nin qonağı olacaq.

Mirağa 

Seçilən
23
2
fanat.az

3Mənbələr