AZ

Qarabağda gələcəyin həkimləri yetişir: təhsil və praktika eyni məkanda

Məlum olduğu kimi, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Sentyabrın 14-də Prezidenti İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.  Dövlət başçısı Qarabağ Universitetinin Klinikası binasında yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

Tibb təhsilinin Qarabağ Universitetində inkişaf etdirilməsi, ölkə üzrə həkim kadrlarının bölgələrdə bərabər paylanmasına da kömək edəcək. Mərkəzi şəhərlərdə təmərküzləşmiş tibb təhsili modelindən uzaqlaşaraq, regionlarda da peşəkar həkimlər hazırlanması imkanları genişlənir. Bu isə uzunmüddətli perspektivdə ölkədə səhiyyə sahəsində keyfiyyətli və davamlı inkişafın təmin olunmasına şərait yaradır. Qarabağ Universitetində tibb tədrisinin təşkili təkcə təhsil sahəsində deyil, bütövlükdə cəmiyyətin inkişafında strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüs həm regionun bərpası prosesini sürətləndirir, həm də ölkənin səhiyyə sisteminə yeni nəfəs gətirir. Gələcəkdə bu universitetin tibb fakültəsinin ölkə və beynəlxalq miqyasda tanınan bir elm və tədris mərkəzinə çevriləcək.

İşğaldan azad olunan ərazilərdə əhalinin məskunlaşmasının genişlənməsi ilə tibbi xidmətlərə olan tələbat da artır. Bu səbəbdən, yerli tibbi kadrların hazırlanması regionda dayanıqlı səhiyyə sisteminin qurulması üçün əsas şərtlərdən biridir. Qarabağ Universitetində tibbi təhsilin təşkili, gələcəkdə bu bölgədə fəaliyyət göstərəcək həkimlərin və tibb işçilərinin bilavasitə yerli şəraitdə yetişdirilməsini təmin edəcək.

Qarabağ Universitetinin tibbi fakültəsi təkcə həkimlərin deyil, həm də tibb bacıları, hazırlanmasında mühüm rol oynayacaq. Bu isə bölgədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, əhalinin sağlamlığının qorunmasına və uzunmüddətli sosial-iqtisadi dirçəlişə xidmət edəcək.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, işğaldan azad olunan Qarabağ torpaqları uzun illər səhiyyə xidmətlərindən məhrum qalmışdı. Bu səbəbdən bölgədə müasir və dayanıqlı səhiyyə sisteminin qurulması üçün ilk növbədə yerli şəraitə uyğun ixtisaslı tibbi kadrların yetişdirilməsi zəruridir. Qarabağ Universitetində yaradılan tibbi təhsil mühiti bu ehtiyacdan doğaraq, bölgənin spesifik tələblərinə cavab verən həkim, tibb bacısı və digər səhiyyə işçilərinin hazırlanmasına xidmət edir:

“Qarabağ Universitetində tibbi təhsilin təşkilində yaradılan mühit – müasir infrastruktur, klinik baza, laboratoriyalar və praktik təcrübə imkanları – tələbələrin bilik və bacarıqlarının real şəraitdə inkişaf etdirilməsinə şərait yaradır. Bu mühitin üstünlüyü ondan ibarətdir ki, tələbələr yalnız nəzəri bilik almır, həm də əhalinin real sağlamlıq problemləri ilə üz-üzə qalaraq peşəkar vərdişlər qazanırlar. Eyni zamanda universitetin Qarabağ kimi mühüm bir geosiyasi ərazidə yerləşməsi, tələbələrin milli ruhda, vətənpərvərlik və sosial məsuliyyət hissi ilə formalaşmasına kömək edir. Bu isə gələcək tibb işçilərinin yalnız peşəkar deyil, həm də cəmiyyətə bağlı, humanist şəxslər kimi yetişməsini təmin edir. Tibbi kadrların yerli mühitdə hazırlanması əhalinin sağlamlıq xidmətlərinə çıxışını asanlaşdırır, həkim çatışmazlığının qarşısını alır və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəldir. Bu isə bölgədə sosial sabitliyin qorunması və insan kapitalının inkişafı baxımından olduqca əhəmiyyətlidir. Yaxın gələcəkdə Qarabağ Universitetinin məzunlarının yalnız yerli deyil, ümumrespublika səviyyəsində səhiyyə sahəsinə töhfə verəcəyi gözlənilir”.

Millət vəkili Fatma Yəldırım hesab edir ki, Qarabağ Universitetində tibbi kadrların hazırlanması üçün yaradılan mühit bölgənin yenidən qurulması prosesində mühüm rol oynayır. Bu mühit yalnız tədris məqsədi daşımır, eyni zamanda Qarabağın sosial, səhiyyə və humanitar inkişafına birbaşa töhfə verir. Gələcəkdə bu təhsil ocağının ölkənin ən aparıcı tibb mərkəzlərindən birinə çevrilməsi istisna deyil: “"Qarabağ Universitetində tibbi təhsil mühitinin yaradılması yalnız akademik nailiyyət deyil, eyni zamanda regionun dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsidir. Burada yetişən tibbi kadrlar təkcə nəzəri biliklərlə deyil, həm də yerli reallıqlarla tanış olaraq peşəkar və sosial baxımdan formalaşacaqlar. Bu mühit həm səhiyyənin inkişafına, həm də bölgədə insan kapitalının möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, işğaldan azad edilmiş ərazilərdə tibbi kadrlara ehtiyacın ödənməsi üçün Qarabağ Universiteti müstəsna rola malikdir. Nəzərə almaq lazımdır ki, kifayət qədər böyük ərazidir və orada yeni infrastruktur qurulur. Bu da o deməkdir ki, ilkin tibbi yardım, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı və digər ixtisaslardan məzun olanlara ehtiyac var. Tələbələrin pulsuz təhsil alması, işçilərə yüksək əməkhaqqının verilməsi universitetlər arasında yeni rəqabət mühiti formalaşdıracaq. Odur ki, bir neçə ildən sonra Qarabağ Universitetinin dünya reytinqində olduğunu görə biləcəyik.

Təhsil ekpertləri haqqında nə bilirik? - Kamran Əsədov...

Tibbi təhsil prosesində real klinik mühitin mövcudluğu tələbələrin peşəkar hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu və klinik baza regionda ixtisaslı tibbi kadrların yerində hazırlanmasına şərait yaradır, bu isə ölkə səhiyyəsi üçün strateji əhəmiyyət kəsb edir.

Regionda tibbi xidmətlərin keyfiyyəti ilk növbədə insan resursları ilə bağlıdır. Qarabağ Universitetində tibbi kadrların hazırlanması gələcəkdə bölgənin sağlamlıq infrastrukturunun əsas təməl daşlarından biri olacaq. Yerli mühitdə yetişən həkimlər əhaliyə daha yaxın və effektiv xidmət göstərə bilirlər.

Qarabağ Universitetində yaradılmış tibbi təhsil mühiti yüksək keyfiyyətli, praktika yönümlü və innovativ yanaşmalara əsaslanır. Bu, müasir dövrün tələblərinə uyğun həkim və tibb işçilərinin hazırlanmasını mümkün edir və eyni zamanda regionun intellektual inkişafına töhfə verir.

Nərmin Qarazadə

Seçilən
21
4
azedu.az

10Mənbələr