AZ

İnformasiya texnologiyaları sahəsinə maraq artıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ali təhsil müəssisələri yalnız akademik nailiyyətlərlə deyil, həm də tələbələrdəki enerji və inkişaf potensialı ilə diqqət çəkir. Bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Kompüter Proqramlaşdırma Olimpiadaları Fondunun (ICPC) prezidenti Bill Pouçer bildirib. O, universitetlərdə yalnız dərslik biliklərinə deyil, həm də təşəbbüsçü və fürsət yönümlü mühitə malik tələbələrin olduğunu vurğulayıb: “Buraya yeni həyat gətirmək bizim işimizdir və tələbələrdə gördüyüm enerji bizi nikbin edir. Azərbaycanda universitetlərin digər sahələrdə olduğu kimi texnologiya və proqramlaşdırma sahəsində də inkişaf etdiyi açıq şəkildə görünür”.

Pouçerin sözlərinə görə, Azərbaycan universitetlərinin inkişafı yalnız akademik biliklərin artırılması ilə məhdudlaşmır. Onun müşahidələrinə görə, tələbələr innovativ düşüncə tərzinə malikdir, yeni ideyalara açıqdır və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinə malikdirlər. Bu isə ölkənin gələcək texnologiya və proqramlaşdırma sahəsində lider mövqeyini təmin edə biləcək bir potensial kimi qiymətləndirilir.

Tələbələrin enerji və yaradıcılığı nikbinlik yaradır

Millət vəkili və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də bu fikirləri təsdiqləyib. O qeyd edib ki, ölkədə informasiya texnologiyaları sahəsində maddi-texniki baza gücləndikcə, beynəlxalq yarışlarda iştirak edən komandaların da nəticələri yüksəlir: “Bu il iki Azərbaycan komandası ICPC Dünya Finalında iştirak hüququ qazanıb. Bu artıq müsbət dinamikanın göstəricisidir. Ümid edirik ki, gələcək illərdə Azərbaycan komandalarının sayı artacaq”.

F.İsmayılzadə həmçinin qeyd edib ki, universitetlərdə yaradılan müasir tədris mühiti və texnoloji imkanlar tələbələrin yaradıcılıq potensialını artırır və onları beynəlxalq səviyyədə rəqabətə hazırlayır. Bu isə həm ölkənin texnoloji inkişafına, həm də gənc nəsilin bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Ekspertlər vurğulayırlar ki, belə tədbirlər və beynəlxalq yarışlarda iştirak, tələbələr üçün yalnız bir mükafat və ya diplom qazanmaq deyil, həm də bilik və təcrübə mübadiləsi, yeni texnologiyaları öyrənmək və qlobal rəqabət mühitini yaxından tanımaq imkanıdır. Azərbaycanın universitetləri tərəfindən yaradılan innovativ mühit və gənclərin yüksək enerjisi ölkənin gələcəkdə texnoloji sahədə rəqabət qabiliyyətini artırmaq baxımından mühüm rol oynayır.

Eyni zamanda, ali təhsil müəssisələrində müşahidə olunan enerji və təşəbbüskarlıq, maddi-texniki bazanın inkişafı və tələbələrin beynəlxalq səviyyədə qazandığı uğurlar ölkənin texnologiya və proqramlaşdırma sahəsində gələcək perspektivlərini ümidverici edir. Tələbələrin təşəbbüskarlığı və yaradıcı ideyaları, həmçinin universitetlərin innovasiya yönümlü fəaliyyəti ölkənin intellektual potensialını daha da gücləndirir və gənclərin dünya səviyyəsində rəqabət aparmasına zəmin yaradır.

20 mindən çox tələbə İT sahəsi üzrə təhsil alır

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirib ki, Azərbaycan universitetlərinin texnologiya və proqramlaşdırma sahəsində inkişaf potensialı ölkənin ümumi iqtisadi modernləşmə prosesləri ilə sıx bağlıdır və burada həm mövcud imkanlar, həm də çatışmazlıqlar aydın görünür: “Son illərdə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə rəqəmsal təhsil infrastrukturunun genişlənməsi, informatika fənninin bütün məktəblərdə tədrisi, universitetlərdə yeni İT ixtisaslarının açılması bu istiqamətdə mühüm addım hesab olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə ali məktəblərdə 20 mindən artıq tələbə informasiya texnologiyaları sahəsi üzrə təhsil alır ki, bu da əvvəlki on illiklə müqayisədə iki dəfədən çox artım deməkdir. “Təhsil haqqında Qanun”un 3-cü maddəsində göstərilir ki, təhsil sahəsi innovasiya və rəqəmsal inkişafla uyğun şəkildə təşkil edilməli, əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı təmin olunmalıdır. Bu müddəa faktiki olaraq universitetlərin qarşısında proqramlaşdırma və texnologiya istiqamətində daha çevik, dünya standartlarına uyğunlaşan tədris modelini tətbiq etmək öhdəliyi qoyur”.

Yalnız nəzəri biliklər deyil, praktik bacarıqlar da öyrədilir

Onun sözlərinə görə, universitetlərin bu istiqamətdə qazandığı uğurlar sırasında ADA Universitetinin “Data Science” və “Computer Engineering” ixtisasları, Bakı Ali Neft Məktəbinin kibertəhlükəsizlik laboratoriyaları, UNEC-in “Rəqəmsal İqtisadiyyat” fakültəsi göstərilə bilər. Burada tələbələr yalnız nəzəri bilik deyil, həm də real layihələr üzərində işləmək imkanı əldə edirlər: “Bununla belə, proqramlaşdırma sahəsində professor-müəllim heyətinin yenilənməsi, tədris proqramlarının müasir proqramlaşdırma dilləri ilə zənginləşdirilməsi hələ də əsas çağırışlardan biridir. Dünya təcrübəsinə nəzər saldıqda, məsələn, Cənubi Koreyada universitet–sənaye əməkdaşlığı nəticəsində tələbələrin 80 faizdən çoxu məzun olmadan işlə təmin olunur. Azərbaycanda isə bu göstərici təqribən 50 faiz civarındadır ki, bu da əmək bazarına inteqrasiya mexanizmlərinin daha güclü olmasını zəruri edir”.

Ekspert əlavə edib ki, tələbələrin beynəlxalq yarışlarda, xüsusilə ICPC-də iştirakı onların nəzəri biliklərinin praktiki müstəviyə daşınması baxımından olduqca əhəmiyyətlidir. ICPC kimi yarışlarda Azərbaycan komandalarının son illərdə uğurları artmaqdadır və bu da göstərir ki, gənclərin intellektual potensialı kifayət qədər yüksəkdir: “2023-cü ildə Azərbaycan universitetlərinin 15 komandası regional mərhələlərdə iştirak etmiş, onlardan üçü finala vəsiqə qazanmışdır. Bu fakt yalnız bilik yox, həm də komandada işləmək, məhdud vaxtda qərar qəbul etmək, kreativ yanaşma kimi bacarıqları formalaşdırır. “Ali təhsil haqqında” qanun layihəsində nəzərdə tutulur ki, universitetlər tələbələrin beynəlxalq olimpiadalara və müsabiqələrə çıxışını dəstəkləməli, bunun üçün xüsusi maliyyələşmə mexanizmləri tətbiq olunmalıdır. Nazirliyin bu istiqamətdə yaratdığı dəstək mexanizmləri, tələbələrə verilən qrantlar və yarışlara hazırlıq proqramları mühüm müsbət addımdır və bu, qlobal rəqabətdə Azərbaycan gənclərinin iştirak imkanlarını artırır”.

Əsas hədəflərdən biri innovativ ekosistem yaratmaqdır

K.Əsədov vurğulayıb ki, universitetlərdə yaradılan təşəbbüskar və enerjili mühit tələbələrin innovativ düşüncəsini stimullaşdırmaq baxımından həlledici amildir: “Son illərdə yaradılan texnoparklar, startap mərkəzləri və innovasiya laboratoriyaları bu mühitin inkişafına xidmət edir. Məsələn, Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Startup School” və ya ADA Universitetindəki “Innovation Center” tələbələrin ideyalarını texnoloji layihəyə çevirməsinə şərait yaradır. Dünyanın qabaqcıl universitetlərində – məsələn, ABŞ-də MIT və ya İsraildə Technion kimi ali məktəblərdə tələbələrin innovativ ideyalarının 30–40 faizi sonradan kommersiya layihəsinə çevrilir. Azərbaycanda bu göstərici hələ ki, aşağı olsa da, mövcud inkişaf dinamikası gələcəkdə real nəticələrin əldə ediləcəyini göstərir. Əsas məsələ tələbələrin ideyalarının dəstəklənməsi, bürokratik maneələrin aradan qaldırılması və maliyyələşmə mənbələrinin genişləndirilməsidir.

Bu sahədə Elm və Təhsil Nazirliyinin atdığı addımların müsbət tərəfi ondan ibarətdir ki, artıq universitetlərin inkişaf strategiyaları dövlət proqramları ilə uzlaşdırılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqəmsal bacarıqların inkişafı və yüksək texnologiyalar üzrə kadr hazırlığı əsas istiqamət kimi qeyd olunmuşdur. Bu, universitetlərin qarşısında yalnız akademik deyil, həm də innovativ ekosistem yaratmaq vəzifəsini qoyur. Əgər bu istiqamətdə daha çevik və praktiki addımlar atılarsa, yaxın illərdə Azərbaycan universitetləri regionda texnologiya və proqramlaşdırma üzrə lider mövqeyə çıxa bilər. Beləliklə, Azərbaycanın mövcud potensialı yüksəkdir, tələbələrin beynəlxalq yarışlarda iştirakı onların biliklərini dərinləşdirir, universitetlərdə yaradılan təşəbbüskar mühit isə gələcək innovativ layihələr üçün zəmin formalaşdırır. Dəyişən təkcə tələbələrin hazırlıq səviyyəsi deyil, həm də universitetlərin dünyaya inteqrasiya imkanlarıdır. Dəyişməli olan əsas məsələ isə əmək bazarı ilə ali təhsil arasında körpünün daha da möhkəmləndirilməsidir. Nazirliyin gördüyü işlər bu istiqamətdə müsbət nəticələr verir və davamlı islahatlarla Azərbaycan təhsili beynəlxalq rəqabətdə daha güclü mövqe qazanacaq”.

Seçilən
15
hafta.az

1Mənbələr