AZ

Plan dəyişdi: Putin hücuma hazırlaşır Sərhəddə böyük gərginlik

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Avropada Rusiya ilə bağlı gərginlik hər gün daha da artır. NATO ilə Moskva arasında qarşıdurma artıq söz səviyyəsindən əməli addımlara keçib. Son olaraq Polşa Belarusla dəmiryolu əlaqəsini kəsib. Rusiya isə Polşa sərhədinə “İsgəndər” raket kompleksləri yerləşdirib.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas hazırkı vəziyyəti tarixi analoqla qiymətləndirib:

“Mövcud durum 1938-ci ili xatırladır. Həmin dövrdə Çexoslovakiya dəstəksiz qaldı və nasist Almaniyası tərəfindən işğal edildi”.

İndiyə qədər əsas narahatlıq ondan ibarət idi ki, əgər Rusiya Ukraynada qalib gəlsə, növbəti hədəfi Polşa və digər Şərqi Avropa ölkələri olacaq. Lakin görünür, Vladimir Putinin planlarında dəyişiklik baş verib: Ukrayna ilə müharibə hələ davam etdiyi halda, Moskva artıq birbaşa olaraq Avropaya təzyiq göstərməyə başlayıb.

Rusiya nəyə görə diplomatik-siyasi və hərbi qarşıdurmanın coğrafiyasını bu qədər genişləndirir? ABŞ Prezidenti Donald Trampın hədələri, vədləri, sərt və ya yumşaq ritorikası da artıq Putinə təsir etmir. Ekspertlərin fikrincə, Putin Alyaska görüşündən sonra daha da aqressiv siyasət yürütməyə başlayıb. Bu, realdırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, bu proseslərin bir neçə əsas səbəbi var:

“Birinci səbəb odur ki, Avropada birliyi təmsil edə biləcək və liderlik göstərə biləcək siyasi fiqurlar yoxdur. Siyasi lider dedikdə biz müstəqil iradəyə və qətiyyətə sahib şəxsləri nəzərdə tuturuq. Hələlik isə Avropada belə bir liderlik görünmür və Putin də bunun fərqindədir. O, məhz bu boşluqdan istifadə edərək qorxu və təhdid siyasətini gücləndirir.

İkinci məqam isə odur ki, bu addımlar Rusiyanın gücünü deyil, əksinə, zəifliyini göstərir. Ballistik raketlərin, o cümlədən “İsgəndər”in Polşa sərhədinə yerləşdirilməsi Kremlin real hərbi gücündən xəbər vermir.

Rusiya artıq bütün strateji silahlarını Ukraynada işə salıb. Üç ildən çoxdur ki, Donbasda ilişib qalıb və bu müddətdə ərazinin təxminən 30 faizi hələ də Ukraynanın nəzarətindədir. Bu reallıq fonunda Rusiya hansı gücdən danışa bilər?

Natiq Miri

Əgər Rusiya həqiqətən güclü olsaydı, artıq Donbas və digər iki vilayəti də tam nəzarətə götürərdi. Halbuki, bu vilayətlər Rusiya konstitusiyasında artıq ölkə ərazisi kimi göstərilir. Lakin nəzarət təmin olunmadan bu bölgələri rəsmi torpaq kimi təqdim etmək absurddur”.

Politoloqun sözlərinə görə, Alyaska görüşü Rusiyanın Donald Tramp üzərində psixoloji üstünlüyü kimi dəyərləndirilə bilər:

“ABŞ ərazisində, Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə axtarılan, müharibə cinayətləri törətməkdə ittiham olunan bir şəxsin bu şəkildə qarşılanması – özü də beynəlxalq hüquq və demokratiya kimi dəyərləri təbliğ edən ABŞ-da – Rusiyanın qələbəsi idi. Bu cür münasibət indiyə qədər heç kim tərəfindən Moskvaya göstərilməmişdi. Alyaska görüşü proseslərə qeyri-adekvat yanaşmanın nümunəsidir.

Hazırda Tramp, Rusiyaya qarşı sanksiyaların fonunda, Hindistana 50 faiz gömrük rüsumu tətbiq olunduğunu və bu məbləğin 100 faizə qaldırılmasının Aİ-dən tələb edildiyini bəyan edir. Lakin bu yanaşma da absurddur. Əgər ikinci dərəcəli ölkələrə sanksiya tətbiq ediləcəksə, əvvəlcə birbaşa Rusiya hədəf alınmalıdır. İndi isə əksinə baş verir – bu, məntiqsizdir”.

Natiq Miri hesab edir ki, bütün bu xaotik və ziddiyyətli proseslərə baxmayaraq, perspektivdə Rusiya uduzan tərəf olacaq:

“Ukrayna tədricən güclənir və öz hərbi sənaye kompleksini formalaşdırır. Bu, zamanla Rusiyanın strateji üstünlüyünü daha da zəiflədəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
globalinfo.az

2Mənbələr