AZ

Prezidentin hər səfəri Qarabağın dünyaya təqdimatıdır - Şərh

“Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərləri hər dəfə yeni-yeni yaşayış komplekslərinin açılışı, müxtəlif xarakterli infrastruktur layihələrin istifadəyə verilməsi, digərlərinin isə təməlqoyma mərasimləri ilə yadda qalır. Məqsəd 30 il doğma yerlərindən didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına əbədi qayıdışına nail olmaqdır. 2021-ci ildən etibarən dövlət bu istiqamətdə qətiyyətli işlər görür. Şuşa, Xankəndi, Ağdam, Kəlbəcər və digər rayonlar bu gün faktiki, böyük tikinti meydanıdır. Prezident erməni işğalından azad edilən ərazilərin işğaldan əvvəlki vəziyyətə gətirilməsi üçün konkret tapşırıqlar verir və həmin tapşırıqlar bir çox istiqamətləri əhatə edir. Yəni, tək insanların məskunlaşması üçün yaşayış məntəqələri, binalar, fərdi evlər tikilmir, eləcə də, xalqımıza məxsus tarixi-dini və mədəniyyət abidələri bərpa olunur, azad edilən ərazilərə köç edən insanların ixtiyarına verilir”.

Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputatın sözlərinə görə, məskunlaşma geridönməz prosesdir və 30 ildən sonra torpaqlarını düşmən tapdağından azad edən xalqımız baş verənlərin məsuliyyətini yaxşı dərk edir. “Vətənpərvərlik ana torpağa sədaqətdən, onu əkib-becərməkdən, torpağı qorumaqdan keçir. Bu gün Prezident İlham Əliyevin göstərişləri əsasında Qarabağda cənnət yaradılır. Yeni Qarabağ işğaldan öncəki Qarabağın bütün özəlliklərini özündə daşıyır, bu, həm də tarixlə müasirliyin vəhdətinə nail olmaq baxımından önəmlidir. Gələcək nəsillər doğma vətənin nəfəsini duymalı, onun təhlükəsizliyinin təmini üçün böyük məsuliyyət daşıdıqlarını anlamalı və ana torpağa bağlı olduqlarını dünyaya nümayiş etdirməlidirlər. Bu, xalqımızın müstəqillik, suverenlik uğrunda canlarını qurban vermiş şəhidlərimizə olan ehtiramın ifadəsi anlamına gəlir. Qarabağ və Şərqi Zəngəzura qayıdışın mənəvi anlamı həm də budur”, - o qeyd edib.

O əlavə edib ki, hazırda rəsmi məlumatlara görə, 10 minə yaxın keçmiş məcburi köçkün azad edilən ərazilərə qayıdaraq gözəl şəraitlə təmin olunub və həyatını qurub: “Amma proses bundan sonra daha da sürətlənəcək. Çünki 30 il torpaqlarımızı tar-mar edən ermənilərin törətdikləri mina terroru, eləcə də, ekologiyaya vurduqları zərbə sürətlə aradan qaldırılır. Minalardan tam təmizlənmiş ərazilərə insanlar hissə-hissə köçürülür. Ərazilərin minalardan təmizlənməsi məsələnin yalnız bir tərəfidir. Təhlükənin tam aradan qaldırılmadığı bölgələrdə yeni infrastrukturun yaradılması da müəyyən vaxt aparır ki, dövlət məhz bu istiqamətdə davamlı addımlar atır. 

- Hazırda yaşayışın olduğu, yəni, əhalinin köç etdiyi yaşayış məntəqələrinin sayı 20-ni keçir; 
- 2021-ci ildən qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb; 
- Bütövlükdə, azad edilmiş ərazilərdə yaşayan və işləyən insanların ümumi sayı 50 minə yaxınlaşır; 
- “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi nəzərdə tutulur. 

Şübhəsiz, növbəti illərdə də dövlət büdcəsindən azad edilən ərazilərin bərpası və qayıdış üçün yeni vəsait ayrılacaq. Bu, Azərbaycanın iqtisadi imkanlarının hər il artdığını və Qarabağın dirçəlişinin dövlət prioritetləri sırasında aparıcı yerini qoruyub saxladığını göstərir”.

Deputat bildirib ki, dövlət başçısının azad edilən ərazilərə indiki səfəri də yeni açılışlar, təməlqoyma mərasimləri ilə yadda qalır: “Belə ki, Füzuli, Xocalı və Xocavəndin bir neçə yaşayış məntəqəsi əhalinin məskunlaşdığı yerlərə çevrilir. Artıq Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələri, eləcə də, rayonun Sos kəndi Böyük Qayıdış proqramına əsasən, insanların köç etdiyi növbəti yaşayış yerləri kimi tarixə keçir. Həmçinin Xocalının Seyidbəyli, Daşbulaq, Şuşakənd və Badara kəndlərində bundan sonra azərbaycanlılar – bu yerlərin aborigen xalqının nümayəndələri yaşayacaqlar.

Bəli, qayıdış bəzi özəlliklərlə müşayiət olunur. Prezidentin də vurğuladığı kimi, artıq insanların azad edilən bölgələrə qayıtması üçün daha real zəmin var. Məsələn, əgər quruculuq işlərinin ilk 4 ilində prioritet infrastruktur layihələrin icrası sayılırdısa, indiki mərhələdə müasir şəhərsalma standartları çərçivəsində qurulan bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası əsas hədəfə çevrilir. Növbəti mərhələ Qarabağın təbii resurslarını üzə çıxarmaq, zəngin flora və faunaya sahib bölgələrimizi dünyada turizm zonaları kimi tanıtmaq olacaq. 
Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda yaşamaq üçün hər bir şərait yaradılır. 
Beləliklə, Prezident İlham Əliyevin son Qarabağ səfəri, Xocavənd, Xocalı və Füzulidə yeni yaşayış məntəqələri və infrastruktur layihələrinin təməlinin qoyuluşu, habelə, uzun illər ermənilərin nəzarətində olan Hadrut və Qırmızı Bazar qəsəbələrində fərdi yaşayış evlərinin tikintisi, bu bölgəyə köçən sakinlər üçün hər cür şəraitin qurulması, dini abidələrin bərpası tezliklə bütün Qarabağda işğaldan öncəki ənənələrin bərpa ediləcəyinə, regionun dirçələcəyinə və Azərbaycan iqtisadiyyatının bir parçasına çevriləcəyinə şübhə yeri qoymur. Və sonda bütün bunlar Qarabağlı Azərbaycanın dünyaya ən effektiv şəkildə təqdimatına gətirib çıxaracaq”. 

Mürtəza

Seçilən
3
3
azreform.info

4Mənbələr