Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Nurəddin İSMAYIL
15 sentyabr tariximizə Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak quldur birləşmələrinin işğalından azad etdiyi gün kimi daxil olub.
Yüz yeddi il bundan əvvəl Azərbaycanın bir çox bölgələrinin, xüsusilə paytaxt Bakının qana boyandığı, on minlərlə insanımızın qətl edildiyi, mart qırğını kimi tariximizə düşən soyqırımın törədildiyi bir zamanda, cümhuriyyətimizin qarşısında duran ən mühüm vəzifə Bakını işğaldan azad etmək idi. Lakin müstəqilliyinə təzə qovuşan, bölşevik-daşnak cütlüyünün qanlı qırğınları ilə üz-üzə qalan, ərazi bütövlüyü təhdid altında olan, beynəlxalq birlik tərəfindən hələ tanınmayan gənc cümhuriyyətin təkbaşına bu ağır işin öhdəsindən gəlməsi, Lenin Rusiyasının arxasında durduğu bolşevik-daşnak birliyini yerində oturtması, əlbəttə, asan məsələ deyldi. Məhz belə bir çətin məqamda Azərbaycanın üz tutacağı bir ölkə vardısa, o da, Birinci Dünya müharibəsinin ağırlığını çiynində daşıyan, məğlubiyyət acısı yaşayan, lakin o zamanın hələ söz sahibi olan qardaş Osmanlı dövləti idi. Bu dövlət Azərbaycanın müraciəti əsasında iyunun 4-də Batumda əldə edilən razılaşmaya əsasən Azərbaycanın təhlükəsizliyinin qorunmasını öz üzərinə götürdü. Nuru Paşanın komandanlığı altında yaradılan Qafqaz İslam Ordusu tezliklə Azərbaycana yola düşdü.
Sonradan yerli Azərbaycan könüllüləri də bu orduya qoşularaq bolşevik-erməni-daşnak birliyinə qarşı amansız döyüşlərə atıldılar. Bölgələrdə kök salan bolşevik-daşnak birlikləri ard-ardınca məğlubiyyətə uğradı və Bakıya gələn yollar təmizləndi. Bakı uğrunda qanlı döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı və 15 sentyabrda şanlı ordu böyük alqış sədaları altında Bakıya daxil oldu. Bakının azad edilməsi ilə Azərbaycan Cümhuriyyəti rahat nəfəs aldı və Gəncədə zorən sıxışıb qalan Azərbaycan hökuməti Bakıya gələrək sonrakı dövlət quruculuğu fəaliyyətini paytaxt Bakıda davam etdirdi. Tarixin bundan sonrakı dönəmi Azərbaycan və qardaş Türkiyənin uzun müddət bir-birindən aralı düşməsinin, Azərbaycanda türk adının, Türkiyə sevgisinin qadağa olunduğu dövr kimi xarakterizə olunsa da, sonda xalqlarımız “Bir millət, iki dövlət” kimi yenidən bir-birinə qovuşdu. 1918-ci ilin 15 sentyabrında Bakını xilas edən Nuru Paşanın torunları olan bordo berelilər 10 noyabr 2022-ci ildə İkinci Qarabağ müharibəsində əldə edilən qələbə münasibəti ilə Bakıda düzənlənən zəfər paradında ordu hissələrimizlə birgə yürüdülər. Tarix Çanaqqala döyüşündə üc min Azərbaycan övladının şəhid olmasına da, Bakının xilasında Qafqaz İslam Ordusunda iştirak edən türk qardaşlarımızın mindən artıq şəhid olmasının da canlı şahidi oldu. Zaman göstərdi ki, qanı bir, dili bir olan, qırılmaz tellərlə bağlanan xalqlarımızı heç bir yad qüvvə bir-birindən ayıra bilməz və bu birliyin ən gözəl təcəssümü bütün türk xalqlarını özündə ehtiva edən Turan Birliyidir.
Nuru paşam, xoş gəldin
Salam olsun sənin uca adına,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Yüz il əvvəl yetdin türkün dadına,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Yaddaşlarda silinməyən iz qoydun,
Könüllərə işıq saçan köz qoydun,
Hər türküdə adın keçən söz qoydun,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Sən gəlməsən dərdli Bakım gülməzdi,
Xain düşmən türkün gücün bilməzdi,
Şəhid ruhu əbədiyyən ölməzdi,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Dastan yazan doğma ad var, qoşadı,
Biri Ənvər, biri Nuru paşadı,
Ər doğuldu, ərlər kimi yaşadı,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Zəfərinə nəğmə qoşan dillər var,
Bayrağını uca tutan əllər var,
Səni öyən hələ neçə illər var,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Zülmət gecəm süngün ilə yarıldı,
İstiqlala gedən yola varıldı,
İki qardaş bir-birinə sarıldı,
Xilaskarım, Nuru paşam, xoş gəldin.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.