Nömrələrin Azercell, Bakcell və ya Nar şəbəkəsinə daşınması üçün müraciət müddəti uzadılıb.
FED.az xəbər verir ki, bu barədə “Naxtel” MMC-dən bildirilib.
Qeyd olunub ki, abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin balansdakı vəsaitlərdən tam istifadə edilmədiyi və mobil operator seçiminin daha rahat həyata keçirməyi üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilib.
Belə ki, qurumdan verilən məlumata görə, son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq müəyyən olunub. 15.10.2025-ci il tarixindən 15.12.2025-ci il tarixinədək Azercell, Bakcell və Nar operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrələri istənilən şəbəkəyə daşımaq mümkün olacaq.
Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixindən etibarən dayandırılacaq.
Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
“Naxtel” MMC qeyd olunan tarixədək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) vəsaitlərin geri qaytarılması və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və bu kimi tələblərdən imtina etmək hüququna malikdir.
Dəyişikliklər haqqında ətraflı məlumatı “Naxtel” MMC-nin Telefon Mərkəzindən (299) əldə etmək mümkündür.
Nömrələrin daşınması adıçəkilən mobil operatorların Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Bakı, və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.