AZ

Macarıstan universitetlərində əcnəbi tələbələrin sayı artıb

Budapeşt, 15 sentyabr, AZƏRTAC

Macarıstan universitetləri xaricdən gələn abituriyentlər üçün cəlbediciliyini artırmaqda davam edir.

AZƏRTAC Macarıstanın Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, 2024-2025-ci tədris ilində bu ölkənin ali məktəblərində 12 mindən çox əcnəbi tələbə təhsil alıb ki, bu da tələbələrin ümumi sayının təxminən 16 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, on il əvvəl bu rəqəm 10%-i ötmürdü.

Macarıstanda ali təhsilə ən böyük marağı Almaniya, Çin, İran, Türkiyə və Qərbi Balkan ölkələrindən olan tələbələr göstərirlər. Eyni zamanda, Afrika və Cənubi Asiya ölkələrindən də müraciətlərin sayı artır. Mütəxəssislər qeyd edirlər ki, ölkədə təhsil və yaşayış xərclərinin nisbətən aşağı məbləğinin yüksəksəviyyəli təhsil proqramları ilə birləşməsi bu məsələdə həlledici rol oynayır.

Hər il minlərlə tələbə cəlb edən “Stipendium Hungaricum” dövlət təqaüd proqramının da böyük təsiri var. 2025-ci ildə mövcud olduğu bütün dövr ərzində bu proqram çərçivəsində Macarıstanda təhsil almaq üçün rekord sayda təqaüdçü gəlib. Macarıstan universitetlərinin rektorları əcnəbilərin sayının artmasının akademik mühitin beynəlmiləlləşməsinə, elmi əlaqələrin möhkəmlənməsinə və ingilisdilli proqramların inkişafına töhfə verdiyini vurğulayırlar. Xüsusilə, Budapeşt və Debretsendə ingilis dili kurslarının sayı son beş ildə demək olar ki, iki dəfə artıb.

Ölkə hökuməti xaricdən tələbələrin axınına “yumşaq güc”ün mühüm aləti və Macarıstanın beynəlxalq nüfuzunu gücləndirmək imkanı kimi baxır. Ekspertlərin fikrincə, 2030-cu ilə qədər Macarıstan universitetlərində əcnəbi tələbələrin payı 20%-i keçə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
28
2
azertag.az

3Mənbələr