AZ

Ekstremal hava bu ilin yayında Aİ-yə 126 milyard avro zərər vurub

Bu il Avropa İttifaqında isti hava, quraqlıq və daşqınların səbəb olduğu iqtisadi zərərlərin ümumi həcmi təxminən 126 milyard avro təşkil edib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Mannhaym Universitetinin və Avropa Mərkəzi Bankının birgə araşdırmasının nəticələrində qeyd olunub.

Bu proses İspaniya, Fransa və İtaliyaya daha çox təsir edib. Sadalanan ölkələrin hər birində təxminən 34-35 milyard avro zərər qeydə alınıb. Almaniyaya isə daha az - təxminən 2,5 milyard avro zərər dəyib. Lakin tədqiqat göstərir ki, Şimali Avropada da ekstremal hava hadisələrinin, xüsusilə daşqınların tezliyi və miqyası artmaqdadır.

Tədqiqatda ekstremal hava hadisələrinin birbaşa zərərləri ilə yanaşı, dolayı təsirlərin səbəb olduğu ziyan (məhsuldarlığın azalması, təchizat zəncirinin pozulması, fəlakət bölgələrindən köç və s.) da nəzərə alınıb. Həmçinin qeyd edilib ki, iqlim böhranı belə ekstremal hava hadisələrinin tezliyini və intensivliyini əhəmiyyətli dərəcədə artırır.

İspaniyada və Portuqaliyada dağıdıcı meşə yanğınlarına səbəb olan hava şəraiti iqlim dəyişiklikləri nəticəsində 40 dəfə çox baş verir. Ekstremal hava hadisələri iqtisadiyyata daha ciddi çətinliklər yaradır və dolayı təsirlər birbaşa dağıntılar qədər zərər vurur.

Seçilən
32
2
xezerxeber.az

3Mənbələr