AZ

Silk Way West Airlines GE Aerospace ilə xidmət müqaviləsini uzadır

Silk Way West Airlines şirkəti böyüməkdə olan geniş gövdəli Boeing təyyarə parkını dəstəkləmək məqsədilə GE Aerospace ilə xidmət müqaviləsinin uzadılması barədə elan ediblər. Müqaviləyə əsasən beş GEnx-2B ilə işləyən 747-8 yük təyyarəsinə, altı ədəd GE90-115B ilə işləyən 777 yük təyyarəsinə və sayı dördə çatan GE9X ilə çalışan 777-8 yük təyyarəsinə xidmətin göstərilməsi nəzərdə tutulur.

2021-2022-ci illərdə Silk Way West Airlines donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində Boeing 777 və Boeing 777-8 yük təyyarələrinin alışını elan etmişdi. Aviaşirkətin illik yük dövriyyəsi 500,000 tonu ötür və marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, həmçinin Amerika qitələrini əhatə edən 40-dan çox istiqaməti əhatə edir.

Silk Way West Airlines şirkətinin Əməliyyatlar üzrə Baş Direktoru Onno Pietersma deyib: "Bu əməkdaşlığın uzadılmasını elan etməkdən məmnunuq. Bu addım uzunmüddətli davamlı inkişaf strategiyamızın həyata keçirilməsinə kömək edəcək və dəyərli müştərilərimizə göstərdiyimiz xidmətləri davamlı olaraq təkmilləşdirməyimizə imkan yaradacaq." 

GE Aerospace şirkətinin Kommersiya Mühərrikləri və Xidmətləri üzrə Prezidenti və Baş İcraçı Direktoru Rassel Stouks bildirib:

"Silk Way West Airlines ilə münasibətlərimizi donanmanın modernləşdirilməsi mərhələsində daha da inkişaf etdirməkdən qürur duyuruq. GE Aerospace-in geniş gövdəli mühərrikləri aviasiya texnologiyasının zirvəsini təmsil edir, əməliyyat xərclərini azaltmaq və ətraf mühitə təsiri minimuma endirmək üçün nəzərdə tutulub." 

GE9X mühərriki dünyanın ən güclü kommersiya təyyarə mühərrikidir və öz sinfində ən yüksək yanacaq səmərəliliyinə malikdir. Yalnız Boeing 777X ailəsinə (777-9 və 777-8) tətbiq olunan GE9X əvvəlki nəsil mühərriklərlə müqayisədə 10% daha yaxşı yanacaq sərfiyyatı təmin edir.

2011-ci ildə istifadəyə verildiyi vaxtdan etibarən GEnx mühərrik ailəsi 62 milyon uçuş saatından çox fəaliyyət göstərib. Bu mühərrik indiyədək GE Aerospace-in ən sürətlə satılan, yüksək itələmə gücünə malik mühərriki hesab olunur və hazırda xidmətdə və sifarişdə, ehtiyat mühərriklər də daxil olmaqla, 3 600-dən çox mühərrik mövcuddur. 
1990-cı ildə buraxılmış GE90 mühərriki GE Aerospace şirkətinin 45 ton (100 min funt) güc sinfindəki ilk mühərrikidir və son 25 ildə texnoloji cəhətdən ən inkişaf etmiş kommersiya turbofan mühərriki hesab edilib. Bu mühərrik ilk dəfə kompozit fan qanadlarından və 3D çap texnologiyası ilə hazırlanmış hissədən istifadə edən kommersiya mühərriki olmuşdur. 

Bu gün bütün GE Aerospace kommersiya mühərrikləri Dayanıqlı Aviasiya Yanacağı (SAF) qarışıqları ilə işləmək üçün sertifikatlaşdırılıb. 

Silk Way West Airlines haqqında 
2012-ci ildə İpək Yolunun mərkəzində yerləşən Bakıda təsis edilmiş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi Boeing 777F, 747-8F və 747-400F təyyarələri ilə bütün dünya üzrə hər ay yüzlərlə uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 500,000 tonu ötür və marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya, həmçinin Amerika qitələrində 40-dan çox istiqaməti əhatə edir.

GE Aerospace haqqında 
GE Aerospace qlobal aviasiya mühərrikləri, xidmətləri və sistemləri üzrə liderdir və təxminən 45000 kommersiya, 25000 hərbi təyyarə mühərrikindən ibarət bazanı idarə edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təxminən 53000 əməkdaşı və yüz ildən artıq innovasiya təcrübəsi ilə GE Aerospace aviasiyanın gələcəyini yaratmağı, insanları səmaya qaldırmağı və onların təhlükəsiz dönüşünü təmin etməyi öz öhdəsinə götürür. GE Aerospace və tərəfdaşları barədə daha ətraflı məlumatı www.geaerospace.com  saytında əldə etmək olar.

Milli.Az

Seçilən
21
7
milli.az

9Mənbələr